
AMEA Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Cumayevanın «Müasir alman dilində samit birləşmələri» (Bakı, “Zərdabi Nəşr” MMC, 2023, 170 s.) kitabı çapdan çıxmışdır. Kitabın elmi redaktorları tanınmış dilçilər, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli, filologiya elmləri doktoru, professor İlham Tahirov, rəyçiləri filologiya elmlər doktoru, professor Həbib Zərbəliyev, filologiya elmlər doktoru, professor Səadət Zeynalova, filologiya elmləri doktoru, dosent Lalə Qurbanova, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Axundovadır.
Monoqrafiya müasir alman dilində samit birləşmələrinə (eksperimental-fonetik tədqiqat) həsr olunmuşdur. Məlumdur ki, fonem birləşmələri dili fonem sistemi qədər müəyyənləşdirən obyektiv dil hadisəsidir. Bir qayda olaraq fonem birləşmələrini paradiqmatik və sintaqmatik planda təhlil edirlər. Paradigmatik planda fonemlərin bir-birinə qarşı durması əsas göstərilirsə, sintaqmatik planda fonemlərin düz xətt boyunca götürülməsi əsasdır. Müasir elmi-nəzəri ədəbiyyatda alman dili samit birləşmələrini indiyə qədər olduğu kimi təkhecalı sözlər əsasında deyil, həm də çoxhecalı sözlərdə işlənmə tezliyini və bu zaman birləşmələrdə samitlərin məruz qaldıqları dəyişiklikləri tədqiq etməkdən ibarətdir. Monoqrafiya qismən eksperimental-fonetik tədqiqatın nəticələrinə əsaslanır.
Əsas məqsəd alman dili sözlərinin fonetik strukturunda işlənən iki-, üç-, dörd-, beş- və altıüzvlü samit birləşmələrinin xarakterik xüsusiyyətlərini təhlil etməkdən ibarətdir.
Monoqrafiya dilçiliyin müxtəlif sahələri ilə məşğul olanlar, o cümlədən fonetika, fonologiya, morfolgiya, leksikologiya ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
kriteri.az