Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu, filologiya elmləri üzrə fəlsəfə doktoru Selcan Quluzadənin “XIX əsr Azərbaycan ədəbiyyatında gülüşün funksional sahəsi: ideoloji və estetik kontekst” (Bakı: “Elm” nəşriyyatı, 2026, 364 səh.) adlı monoqrafiyası nəşr olunmuşdur. Monoqrafiya Bakı Dövlət Universiteti Filologiya fakültəsi Elmi Şurasının 12 may 2026-cı il tarixli qərarı ilə nəşrə tövsiyə edilmişdir.
Əsərdə XIX əsr Azərbaycan ədəbi-mədəni düşüncəsində satirik poeziyanın formalaşması, inkişaf istiqamətləri və ictimai-fəlsəfi məzmunu müasir ədəbiyyatşünaslıq metodologiyası əsasında sistemli şəkildə araşdırılmışdır. Tədqiqatda satira yalnız bədii gülüş forması kimi deyil, həm də milli ideologiyanın, ictimai özünüdərkin və maarifçi düşüncənin formalaşmasında mühüm rol oynayan ideoloji-estetik fenomen kimi dəyərləndirilmişdir.
Monoqrafiyada satira fenomeninin nəzəri əsasları, satirik şeirin tarixi inkişaf mərhələləri, folklor qaynaqları, satirik diskursun formalaşma xüsusiyyətləri, XIX əsr Azərbaycan ədəbiyyatında satiranın təşəkkül dinamikası, milli ideologiya ilə qarşılıqlı əlaqəsi, “Əkinçi” qəzetində həcv ənənəsi, eləcə də satirik poeziyanın dil, üslub və poetik xüsusiyyətləri geniş şəkildə tədqiq edilmişdir.
Tədqiqatın mühüm elmi yeniliklərindən biri XIX əsr Azərbaycan satirik poeziyasının tipologiyasının müasir elmi yanaşmalar əsasında yenidən qiymətləndirilməsi, satiranın milli ideoloji düşüncənin formalaşmasındakı rolunun sistemli şəkildə araşdırılması, eləcə də satirik poeziyanın folklor, maarifçilik və realizm kontekstində kompleks təhlilə cəlb edilməsidir. Monoqrafiyada satiranın bədii üslub kimi nəzəri mahiyyəti əsaslandırılmış, onun inkişaf mərhələləri və funksional imkanları geniş elmi material əsasında şərh edilmişdir.
Kitabın elmi redaktorları Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, filologiya elmləri doktoru Sənan İbrahimov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Yaqub Babayev, redaktoru filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramovdur. Monoqrafiyanın rəyçiləri tanınmış ədəbiyyatşünas alimlər – professor Elman Quliyev, dosent Aytən Hacıyeva və dosent Qədim Qubadov olmuşlar.
Monoqrafiyanın materiallarından Azərbaycan ədəbiyyatı tarixinin, satira nəzəriyyəsinin, müqayisəli ədəbiyyatşünaslığın və milli ideologiya məsələlərinin öyrənilməsi ilə bağlı aparılan elmi araşdırmalarda, eləcə də ali təhsil müəssisələrində tədris olunan müvafiq fənlərin proqram və dərs vəsaitlərinin hazırlanmasında istifadə edilə bilər. Bu baxımdan əsər filologiya sahəsində çalışan alimlər, müəllimlər, doktorantlar, magistrantlar, tələbələr və XIX əsr Azərbaycan ədəbiyyatı ilə maraqlanan geniş oxucu auditoriyası üçün mühüm elmi mənbə hesab oluna bilər.
kriteri.az
