Hər bir insanın mənəvi kimliyini onun gördüyü işlər təsdiqləyir. Hər kəsin öz işinə olan məsuliyyət, canyananlıq, yorulmazlıq xalqına, dövlətinə olan sevgidən doğur desək yəqin ki, yanılmarıq. "Təmiz Quba" Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Dəyanət Orucov da məhz belə insanlardandır. Dəyanət müəllim harada işləməyindən asılı olmayaraq həmişə xalqa və dövlətçiliyə xidmət edib. O, müxtəlif illərdə Quba rayonunda sosial mərkəzin direktoru, Şabranda Poçt müdiri, Quba Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifələrində çalışıb. Daha sonra ona yüksək etimad göstərilərək "Təmiz Quba" Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəis təyin edilib. Müəssisə haqqında ətraflı məlumat verən Dəyanət müəllim fikirlərini bizimlə bölüşdü. Qeyd etdi ki, "Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də ekoloji təhlükəsizliyin təmin edilməsidir. Ekoloji siyasətin əsası isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın Ümummili Lideri ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına, mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirmişdir. Həmin illərdə imzalanmış bir sıra mütərəqqi qanunlar onu göstərir ki, ekoloji problemlərin həlli dövlətimizin diqqət göstərdiyi əsas istiqamətlərdəndir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin imzaladığı Fərmanlarda, təsdiq etdiyi Dövlət Proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmiş, yaşıllıqların artırılması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə edilmişdir. Quba şəhərində, eləcə də rayonumuzun ərazisində bu sahədə mühüm işlər görülür, müvafiq tədbirlər həyata keçirilir. "Təmiz Quba" Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Quba şəhərinin küçələrinin təmizliyi gündəlik olaraq nəzarətdə saxlanılır, toplanmış məişət tullantılarının daşınması müntəzəm olaraq həyata keçirilir. Qeyd edək ki, bu sahədə rayon əhalisinin üzərinə də böyük məsuliyyət düşür. Bəzi hallarda sakinlər tərəfindən qaydalara məhəl qoyulmadığından, ümumi işin ahənginə xələl toxunur. Amma ümumilikdə hər kəs gözəl anlayır ki, ətraf mühitin mühafizəsi – havanın, suyun, torpağın təmizliyinin, insanların sağlamlığının qorunması deməkdir". Dəyanət Orucov onu da bildirdi ki, "Təmiz Quba" Mənzil Kommunal Təsərrüfatı Birliyində hazırda 134 işçi qüvvəsi çalışır. Həmçinin "Dost iş" mərkəzindən burada 234 nəfər işçi vardır. Orta aylıq əmək haqqı 470 manatdır. Son illərdə idarəyə KaMAZ markalı zibildaşıyan maşın verilib. Qış mövsümü ilə əlaqədar lazım olan bütün profilaktik tədbirlər görülmüşdür. Yollara ehtiyat qum və duz tökülmüşdür, lazım olan digər ehtiyatlar da vardır. "Təmiz Quba" Mənzil Kommunal Birliyinin tabeliyində şəhərin işıqlandırılması və yaşıllaşdırılması böyük önəm kəsb edir. Yaşıllaşdırmanın əsas işi şəhərin abadlaşdırılması, ağacların budanması, küçə kənarlarının kol-kosdan təmizlənməsi, həmişəyaşıl reqistor ağacların əkilməsidir. Dəyanət müəllim məlumat üçün onu da dedi ki, "Təmiz Quba" Mənzil Kommunal Birliyi Quba RİH-nin tabeçiliyində olan idarədir. Rayonun İcra başçısı İlqar Mahmudov isə müəssisəni həmişə nəzarətdə saxlayır və lazım olan köməkliyi göstərirlər. Müəssisənin fəaliyyətindən danışarkən onun nümunəvi əməkdaşlarını yada salmamaq düzgün olmazdı. Odur ki, Dəyanət müəllim böyük hörmət və ehtiramla işçilərdən mühəndis Elvin Abdullayevin, Əli Zirəddinlinin, sürücü Rəvanın, həmçinin Bəxtiyar, Mətləb, Abas, Mustafa, Camal, Vüqar, Xosrov, Azad və başqalarının adlarını çəkdi. Dəyanət müəllim bəzi çatışmazlıqlardan da danışdı və bildirdi ki, müəssisənin hazırda ekskovatora ehtiyacı vardır. İnanırıq ki, tezliklə bu məsələ də öz müsbət həllini tapacaq.
Gülaga Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
