Quba Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutun direktoru, Biologiya Elmləri üzrə fəlsəfə doktoru İlham Qurbanov, bildirir ki, ötən ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutda olmuşlar. Kənd Təsərrüfatı naziri İnam Kərimov və institutun direktoru, biologiyi elmləri üzrə fəlsəfə doktoru İlham Qurbanov ali qonaqları salamladıqdan sonra institutun «Aqroekologiya və Analizlər», «Biotexnologiya» laboratoriyaları, eləcə də yenicə istifadəyə verilmiş «Biotexnologiya» istixanasna baxış keçirmişlər.
Prezident İlham Əliyev Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda gözəl işlər görüldüyünü qeyd etməklə, respublikada meyvəçiliyin və tərəvəzçiliyin bundan sonra da inkişaf etdiriləcəyini bildirmişdir. Bu münasibətdən ruhlanan institut əməkdaşları öz işlərində daha məsuliyyətli olmağa, yeni elmi nailiyyətlər əldə etməyə səy göstərmişlər.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutunda elmi-tədqiqat işləri Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən təsdiq edilmiş plana uyğun olaraq «Meyvəçilik», «Subtropik bitkilər» və «Azərbaycan çayı» daxilində 12 mövzu və 44 iş üzrə tədqiqat işləri yerinə yetirilmişdir.
Qeyd edək ki, hesabat dövründəmeyvə bitkilərinin 7 min 75 genefondu öyrənilmiş, 1 yeni alma sortu, 1 yeni seleksiya gilas sortu və 1 yeni limon sortu rayonlaşdırılmaya təqdim edilmiş, qiymətli təsərrüfat əlamətlərinə malik sort və hibridlər müəyyənləşdirilmişdir. Bununla yanaşı olaraq İngiltərənin «Meiosis» və İspaniyanın «Viveros Veron» şirkətlərindən introduksiya olunmuş çiyələk, moruq, böyüktkən, şaftalı və ərik sortlarının sınağı üzrə təcrübələr aparılıb.
İnstitutda tədqiqatların yerinə yetirilməsində institutun 5 şöbə və 3 laboratoriyası, hər birində 2 şöbə olan Lənkəran Çay Filialı, Abşeron Təcrübə Stansiyası və 3 Dayaq məntəqəsi iştirak ediblər. Seleksiya üzrə tədqiqatlarda alma, armud və gilasın yeni sortlarını yaratmaq məqsədilə kombinasiya olmaqla kifayət qədər hibrid toxumu alınmışdır.
Yeni calaqaltı formalarını introduksiya etməklə klon calaqaltıların kolleksiyasını yaratmaq və intensiv tipli meyvə bağları salmaq üçün yaralığına görə onların qiymətləndirilməsi üzrə tədqiqat işləri aparılıb. Bu məqsədli Türkiyə və Belarus Respublikasından vegetativ üsulla artırılan almanın, armudun, gilasın, gavalının və şaftalının formaları gətirilərək calaqaltıağaclığına əkilmiş və onların müqayisəli olaraq qiymətləndirilməsi aparılmışdır.
Meyvə bitkilərinin becərmə texnologiyası üzrə tədqiqatlarda sıxlaşdırılmış müxtəlif əkin sxemlərindən və cərgəarası torpağın saxlanması üsullarından asılı olaraq cavan meyvə bağlarında cərgəarası torpağın sideral altında saxlanılması, makro və mikro gübrələrin optimal və artırılmış dozalarının, eləcə də üzvi və mineral gübrələrin fonunda kökdən kənar yemləmənin alma bitkisi ağaclarının məhsuldarlıq və inkişaf parametrlərinə təsiri öyrənilmiş, ən yüksək göstəricələr əvvəlki ildə olduğu variantda qedə alınmışdır.
Pestisidlərdən minimum istifadə etməklə meyvə bitkilərinin xəstəlik və zərərvericilər əleyhinə mübarizə tədbirləri sisteminin təkmilləşdirilməsi mövzusu üzrə tədqiqat işləri xəstəliyə davamlılıq genlərinin öyrənilməsi istiqamətində davam etdirilmişdir.
Emal texnologiyası üzrə hesabat ilində Şərq xurması meyvələrindən, öz keyfiyyətinə görə təbii şirəni xatırladan xurma içkisinin hazırlanması texnologiyası işlənib hazırlanmışdır.
Elmi nailiyyətlərin istehsalata tətbiqi sahəsində görülən işlərdən danışarkən demək lazımdır ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institunun Elmi Şurasının qərarı ilə elmi nailiyyətlərin istehsalata tətbiqi planı 6 mövzu üzrə təsdiq edilmiş və 215 hektar sahədə, 3 təsərrüfatda bu plan həyata keçirilmişdir.
İnstitutda elmi potensialı gücləndirmək məqsədi ilə son illərdə institutun doktoranturasına 6 yer ayrılmışdır. Ötən il institutun bir əməkdaşı Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru dissertasiyası üzrə təsdiqini almış, iki əməkdaş isə namizədlik dissertasiyalarını tamamlamışlar. Həmçinin institutun üç elmi əməkdaşı Belaruz respublikasında, digər üç əməkdaşı isə Almaniyada alma sortlarının dəmgil xəstəliyinə davamlılıq genlərinin aşkarlanması ixtisası üzrə təkmilləşmə kurslarında olmuşlar.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay filialının direktoru İltifat Kərimov bildirdi ki, filial 1929-cu ildən fəaliyyət göstərir. İnstitutun 22 işçi qüvvəsi vardır ki, onlardan 6 nəfəri elmi dərəcəli mütəxəssislərdir. Onlardan biri də elmlər doktoru, professor Fərman Quliyevdir. Lənkəran çay filialında 4 mövzu üzrə 9 iş aparılır. Burada çay və sitrus bitkilərinin becərmə texnologiyası şöbəsi fəaliyyət göstərir. 2018-ci il üçün Lənkəran çay filialının elmi texniki şurasının iş planı, tərkibi, elmi tədqiqat işlərinin iş proqramı və təqvim planı institutun elmi şurası təsdiqlənmiş və müxtəlif qərarlar qəbul edilmişdir. ETŞ-nin 2018-ci ildə 12 iclası keçirilmiş və müxtəlif qərarlar qəbul edilmişdir. Əməkdaşlar tərəfindən xaricdə 3 elmi məqalə və monoqrafiya, Respublikamızda bir elmi məqalə dərc edilmiş, 3 fənn proqramı çap edilərək Təhsil Nazirliyi tərəfindən qrif verilmiş, 2 elmi məqalə çapa təqdim edilmiş, 5 dəfə Respublikamızın müxtəlif televiziya kanallarında çıxışlar olmuşdur.

Vahid Əliyev
Meyvəçilik və çayçılıq Tədqiqat İnstitutunun direktor müavini,
aqrar elmlər üzrə fəlsəfə doktoru
