«Dövlət başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatı və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.
Bir sıra Dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır. Bu gün ölkədə səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş proqramların icrası uğurla davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Ölkənin dinamik iqtisadi inkişafı demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur.
Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı daha da yaxşılaşdırılmış, istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların çeşidi xeyli artmışdır. Xəstəxana çarpayılarının işinin səmərəsi əhəmiyyətli dərəcədə artaraq, onların məşğulluq göstəricisi yüksəlmiş və ambulator-poliklinika müəssisələrinə müraciətlər çoxalmışdır.
Ardıcıl surətdə həyata keçirilən profilaktik tədbirlər sayəsində Azərbaycanda yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması da səhiyyəyə olan dövlət qayğısının bariz nümunəsidir». Bu sözləri Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səməd Vəliyev söylədi. Səməd həkim bir ilə yaxındır ki, xəstəxanaya rəhbərlik edir. Lakin bu az müddətdə o özünü bacarıqlı bir həkim olmaqla yanaşı, həm də rəhbərlik qabiliyyəti olan bir mütəxəssis kimi də göstərə bilib.
Səməd Vəliyev 1985-ci ildə Şamaxı rayonunda anadan olub. 2002-ci ildə orta təhsilini başa vuraraq Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub və 2008-ci ildə universiteti müalicə işi ixtisası üzrə bitirib. 2008-2009-cu illərdə Bakıda Kliniki Tibbi Mərkəzin Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsində interna keçib. 2009-2018-ci illərdə Şamaxı Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsində həkim revmatoloq-anistizoloq işləyib. 2018-ci ildə həmin xəstəxanaya baş həkim təyin olunub.
Səməd həkim ailəlidir. 3 övladı var. Həyat yoldaşı Pərvin xanım da həkimdir.
Xəstəxana haqqında məlumat verən Səməd həkim qeyd etdi ki, xəstəxanada əsasən peşəkar və bacarıqlı tibb işçiləri çalışır. Burada imtiyazlı xəstələrə lazım olan bütün dərmanlar vaxtında verilir. Xəstəxanada yatan xəstələr isə gündə 3 dəfə isti yemək və lazımi dərmanlarla təmin olunurlar.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 13.06.2019 » Oxundu: 1612
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!