Uzun illər fəaliyyət göstərən Qusar Uşaq Gənclər İnkişaf Mərkəzi minlərlə istedalı gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm rol oynayır. Mərkəzin yaralımasında məqsəd şagirdlərin müxtəlif bacarıqlar əldə etməsinə, hərtərəfli inkişafına və uşaqların beynəlxalq aləmə inteqrasiyasına nail olmaqdır. Burada uşaqların asudə vaxtlarının səmərəli təşkil olunması, onların bilik, bacarıq və vərdişlərinin daha məqsədəuyğun şəkildə inkişaf etdirilməsi ən vacib şərtlərdən hesab edilir. Mərkəzə Firəngiz Niftəliyeva rəhbərlik edir.
Firəngiz xanım 1965-ci ildə Qusarda dünyaya göz açıb. O, M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib və təyinatla Qubanın Qonaqkənd kənd orta məktəbinə göndərilərək orada 3 il müəllim işləyib. Daha sonra pedaqoji fəaliyyətini Qusarın Cağar kənd məktəbində davam etdirib və orada da iki il çalışıb. 1992-ci ildən hazırda rəhbərlik etdiyi Qusar Uşaq Gənclər İnkişaf Mərkəzində işləyib. 2024-cü ilin noyabr ayında isə Mərkəzə direktor təyin olunub.
Mərkəz haqqında ətraflı məlumat verən Firəngiz xanım bildirdi ki, Mərkəzin əsası "Pionerlər evi" kimi qoyulub və illər keçdikcə adı və statusu dəyişib. 2017-ci ildən rəsmi olaraq Uşaq-Gənclər İnkişaf Mərkəzi adı ilə fəaliyyət göstərir. Mərkəz üçüq şagirdlərdə 21 əsr bacarıqlarının formalaşdırılması, birgə əməkdaşlıq, kreativliyin inkişaf etdirilməsi vacib məqamlardandır. Burada bütün uşaqların müxtəlif sahələr üzrə məşğul olması üçün hər cür şərait yaradılıb. Fəaliyyəti dövründə minlərlə gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm rolu olan mərkəzdə hazırda müxtəlif ixtisaslar üzrə 32 dərnək fəaliyyət göstərir. Həmin dərnəklərdə 475 nəfərədək şagird məşğul olur. Eyni zamanda mərkəzdə çoxlu sayda inzibati, texniki və pedaqoji işçi çalışır. 32 dərnək rəhbərinin çalışdığı dərnəklər mərkəzdən başqa 3 və 5 saylı tam orta məktəblərdə də fəaliyyət göstərir.
Buradakı ixtisaslardan Radio texnika, Rəssamlıq, Toxuculuq, Bacarıqlı əllər, Yol hərəkəti, Bədii qiraət və başqalarını demək olar. Nümunəvi dərnək rəhbərlərindən Elza Məmmədova, Zəminə Balayeva, Aybəniz, Natəvan, Sevil, Ayna xanımların və digərlərinin adını çəkmək yerinə düşərdi. Ümumiyyətlə, mərkəzdə çalışan bütün dərnək rəhbərləri çox peşəkar və məsuliyyətlidirlər. Məhz onların sayəsində burada məşğul olan şagirdlər öz seçdikləri ixtisasın sirlərini dərindən mənimsəyə bilirlər. Belə ümidverici şagirdlərdən biri də Mələkdir. Fəallığı ilə seçilən Mələyin ixtisası rəssamlıqdır, dərnək rəhbəri isə Sevda xanımdır.
Firəngiz xanım böyük məmnunluq hissi ilə söhbətinə onu da əlavə etdi ki, Qusar Təhsil sektorunun müdiri Naira Kliçova bu mərkəzə həmişə nəzarət edir, xüsusi diqqət və qayğı göstərir. O, mərkəzin şagirdlərinin rayon, zona və respublika turlarında iştirakına dəstəyini əsirgəmir. Məhz bu qayğı və diqqətin nəticəsidir ki, şagirdlər müxtəlif yarış və turlarda uğurlu nəticələr əldə edir, mərkəzin şərəfini hər zaman uca tuturlar.
Rəhbərliyin Mərkəzə qarşı olan bu münasibəti gənc nəslin müasir dövrün inkişaf trendlərinə uyğun formalaşmasına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
