Elm və təhsil bütün dövrlərin ən vacib və aktual məsələlərindən biri olub. Sözsüz ki, hər zaman da belə olacaq. Çünki həyat məhz elmin, təhsilin üzərində bərqərardır. Bu sahədə çalışmaq isə insandan xüsusi məsuliyyət, bacarıq və istedad tələb edir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev də ixtisasca pedaqoq olmasa da məhz müəllimlərlə işləməsi və bu sahədə çalışması onun elmə və təhsilə xidmət etməsinin birbaşa göstəricisidir. Kamil müəllim 3 aprel 1993-cü ildə Goranboy rayonunun Qızıl Hacılı qəsəbəsində anadan olub. Orta təhsilini doğulub boya-başa çatdığı qəsəbədə aldıqdan sonra Gəncə Dövlət Universitetinə qəbul olub. Ali təhsilini İqtisadiyyat və İdarəetmə, Mühasibat uçotu və audit ixtisası üzrə bitirən Kamil müəllim əmək fəaliyyətinə Goranboy rayon Təhsil şöbəsində dövlət qulluqçusu olaraq baş mühasib kimi başlayıb. 2022-ci ildə mövcud qanunlar əsasında Təhsil şöbəsi regionlaşandan sonra həmin idarənin Maliyyə iqtisadiyyat sektorunda baş məsləhətçi işləyib. 2025-ci ilin iyul ayında isə ETİHİ Goranboy rayon komitəsinə sədr seçilib. Kamil müəllim öz söhbətində məlumat üçün bildirdi ki, komitənin 4237 üzvü vardır. Hər bir üzvə komitə tərəfindən xüsusi həssaslıq və dəqqətlə yanaşılır, onların maddi və mənəvi tələbatı mövcud şəraitin imkan verdiyi dərəcədə ödənilməyə çalışılır. Komitədə dövlətimizə və xalqımıza xas olan bütün bayramlar və əlamətdar günlər, xüsusən də Milli Dirçəliş Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü, Yeni il, Novruz bayramı və s. bayramlar geniş şəkildə qeyd edilir. Həmçinin komitə üzvlərinin 40-50-60 yaş yubileyləri təntənə və özünəməxsus hədiyyələrlə təşkil olunur. Rayon təhsilindən təqaüdə çıxanların yolasalma mərasimləri də təntənəli şəkildə keçirilir və onlara xatirə hədiyyələri təqdim edilir. Həmkarlar İttifaqı üzvlərin sağlamlığına xüsusi diqqət yetirir. Çünki insan amili hər şeydən öncə gəlir və bütün keyfiyyətli işlərin arxasında məhz sağlam düşüncəyə sahib olan gümrah insanlar dayanır. Bunun üçün səhhəti ilə bağlı müxtəlif istirahət və sağlamlıq mərkəzlərinə getmək istəyən hər bir komitə üzvü ərizə ilə müraciət etdikdə ona komitə tərəfindən yol vərəqəsi təqdim edilir və yola salınır. Maddi ehtiyacı olan komitə üzvləri də kənarda qalmır və etdiyi yazılı müraciət əsasında komitənin dəstəyindən yararlanır. Daha bir vacib məsələni qeyd etmək xüsusi olaraq yerinə düşərdi. Belə ki, rayonun təhsil şöbəsində çalışan hər bir şəhid ailələsinə, qazilərə həmişə maddi və mənəvi yardım göstərilir. Şəhidlərin ruhudaima ehtiramla yad olunur,qazilərin,veteranların keçdiyi şərəfli döyüş yolu ilə bağlı xatirələr dinlənilir.Bu isə gənc nəslin vətənpərvərlik ruhunda təlim tərbiyyəsinə öz müsbət təsirini göstərməklə yanaşı,həm də xalqımızın torpaq ,vətən uğrunda canını fəda edən qəhrəman oğullarımıza, igidlərimizə olan hörmət və ehtiramının unudulmazlığının bariz nümunəsidir.
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər birliyinin üzvu
