İslam Dini oğlu Vəliyevin 85 illiyi münasibətilə


Azərbaycan xalqı dünya elminə və mədəniyyətinə çox sayda mütəfəkkir ziyalılar, alimlər bəxş etmişdir. Elə alimlər ki, məhz onlar öz xalqının işıqlı gələcəyi üçün bütün bacarıqlarını səfərbər etmişlər; həm pedaqoji fəaliyyətlə məşğul olaraq gənc nəslin təlim-tərbiyəsinin yüksəlməsinə, elmi, publisistik, bədii və s. əsərlər yazaraq xalqının maariflənməsinə vəsilə olmuşlar, həm də özlərindən əvvəl elmi məktəblər yaratmış sələflərinin ideyalarını mükəmməl şəkildə davam və inkişaf etdirərək gələcək nəsillərə ötürmüşlər. Belə müqəddəs amal uğrunda fəaliyyət göstərən, mübarizlik nümayiş etdirən bütün şəxsiyyətlər (fəaliyyətinin miqyasından asılı olmayaraq) hər zaman öz xalqı tərəfindən sevilir, dərin minnətdarlıqla anılırlar.
Azərbaycanda filologiya elminin klassik və aparıcı mərkəzi olan Bakı Dövlət Universitetində vaxtilə fəaliyyət göstərmiş ölkəmizin nəhəng ziyalıları - Ə.Haqverdiyev, B.Çobanzadə, H.Araslı, M.Təhmasib, Ə.Sultanlı, M.Cəlal, M.Hüseynzadə, M.Şirəliyev, B.Vahabzadə, Y.Seyidov, Ə.Abdullayev, A.Axundov, T.İ.Hacıyev və hələ adını çəkmədiyimiz onlarlca tanınmış simalar öz mütərəqqi əməlləri, sanbalları əsərləri və yetirmələri ilə xalqımızın yaddaşına əbədi həkk olmuşlar. Bu gün də həmin müqəddəs amalı və şərəfli missiyanı layiqincə davam etdirən dəyərli alim və müəllimlərimiz öz sələflərinin fikir və ideyalarının gənc nəsilə ötürülməsi işini uğurla həyata keçirirlər. Haqqında danışacağımız belə tanınmış ziyalılardan biri - 85 illik yubileyini qeyd edən dəyərli alim, 60 ilə yaxın pedaqoji fəaliyyəti ilə tələbələrin qəlbində müəllimlik abidəsi uclatmış, müəllim adının layiqli siması, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti İslam Dini oğlu Vəliyevdir.
İslam Dini oğlu Vəliyev 1937-ci il aprel ayının 10-da Lənkəran rayonunda anadan olmuşdur. 1944-1951-ci illərdə Lənkəran rayonunun Veravul kəndindəki yeddillik məktəbdə, 1952-1955-ci illərdə isə Lənkəran Pedaqoji Texnikumunda təhsil almışdır. Texnikumu bitirdikdən sonra bütün həyatını müəllimlik peşəsinə bağlayan İslam Vəliyev 1955-1958-ci illərdə Lerik rayonu Şingədulan və Züvüç kənd orta məktəblərində çalışmışdır. Peşəsinə olan sonsuz sevgi onu 1958-ci ildə Bakı Dövlət Universitetinə gətirir. Müəllimliyin sirlərini öz dövrünün böyük ustadlarından öyrənən İslam Vəliyev 1963-cü ildə Universitetin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir. Bir müddət (1967-1974) AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunda çalışan İslam müəllim 1974-cü ildən Bakı Dövlət Universitetində işləyir.
1963-1967-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əyani aspirantı olmuş İslam Vəliyev 1969-cu ildə “XIII-XIX əsrlər Azərbaycan yazılı abidələrinin dilində feilin keçmiş zaman formaları” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edir. Elmi-pedaqoji fəaliyyəti BDU-nun Türkologiya kafedrası ilə bağlı olan bu nəcib insan 1982-ci ildən həmin kafedranın dosenti vəzifəsində çalışır.
Bununla yanaşı, İslam müəllim 1990-1996-cı illərdə BDU-nun Filologiya fakültəsində axşam və qiyabi şöbələri üzrə dekan müavini, 1996-1999-cu illərdə isə BDU-nun qiyabi və axşam prorektorluğunda qiyabi və axşam təhsili şöbəsinin müdiri vəzifələrində işləmiş, 2006-2018-ci illərdə BDU-da fəaliyyət göstərən D.02.181 Dissertasiya Şurasının nəzdində Elmi seminarın üzvü olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, elə həmin il “Qafqaz Media” İctimai Birliyi tərəfindən dövlətə və dövlətçiliyə sədaqətinə görə “Heydər Əliyev Zirvəsi” diplomu ilə təltif edilmişdir.
Tədqiqat sahəsi Azərbaycan dilinin tarixi ilə bağlı olan alimin elmi yaradıcılığı onun “Azərbaycan yazılı abidələrinin dilində keçmiş zamanın ifadə formaları” adlı monoqrafiyasından, müxtəlif elmi jurnallarda və konfransların materiallarında çap olunmuş yüzdən çox məqaləsindən ibarətdir. İslam Vəliyevin araşdırmalarının əsas istiqamətini tarixi qrammatika məsələləri təşkil edir. Bu baxımdan müəllif öz əsərlərində dilimizin fonetik, leksik və qrammatik quruluşunun inkişaf tarixi ilə bağlı maraq doğuran problemləri sistemləşdirərək üzə çıxarmış və onların həllinə çalışmışdır.
Müəllifin “Azərbaycan yazılı abidələrinin dilində keçmiş zamanın ifadə formaları” adlı monoqrafiyası Azərbaycan dili tarixinin öyrənilməsində əhəmiyyətli elmi mənbələrdən biridir. Bu tədqiqatda zaman kateqoriyasının bir hissəsini əhatə edən keçmiş zaman formaları ilk dəfə tarixi aspektdə geniş şəkildə tədqiq olunmuşdur. Həmin zaman formalarının “Kitabi-Dədə Qorqud” eposundan başlayaraq XIX əsrin sonunadək mövcud olan yazılı abidələrimizin dilində şəkilcə və mənaca dəyişərək keçdiyi tarixi inkişaf mərhələləri izlənilmiş, qrammatik göstəricilərin işlənmə tezliyi və əhatə dairəsinə görə bir-birindən fərqli cəhətləri araşdırılmışdır. Tədqiqatçı araşdırdığı mövzuya heç də birtərəfli yanaşmamış, yeri gəldikcə, müasir Azərbaycan ədəbi dili ilə müqayisədə hansı dəyişikliklərin baş verdiyini müəyyənləşdirmişdir. Həmçinin müəllif burada ilk dəfə olaraq, elmi yenilik edir; bu istiqamətdə dilimizin tarixini özündə əks etdirən bədii nümunələri tədqiqata cəlb edir, onları müasir dillə müqayisəli şəkildə qarşılaşdıraraq geniş təhlillər aparır, xalqın milli təfəkkürünün məhsulu olan, onun tarixini ifadə edən feilləri, xüsusilə keçmiş zaman formalı feilləri toplayaraq özünün “dilçilik laboratoriyasında” müəyyən sistemləşdirmə aparmaqla qruplaşdırır. O, tarixən də dilimizdə mövcud olmuş keçmiş zamanın nəqli və şühudi formalarına nəzər salır və onların hansı dil situasiyalarında necə istifadə olunaraq günümüzə gəlib çıxmasının tarixi xronologiyasını izləyir.
İslam Vəliyev tədqiqat işində qoyulan məsələlərə təkcə Azərbaycan dilçiliyi aspektindən yanaşmamış, həm də türkoloq kimi dilin dərin qatlarına baş vurmuşdur. Belə ki, o, dil faktlarını təkcə Azərbaycan dilinin materialları ilə məhdudlaşdırmamış, yeri gəldikcə, digər türk dilləri ilə müqayisələr aparmışdır. Müəllif haqlı olaraq yazır ki, “Türkologiyada, eləcə də Azərbaycan dilçiliyində keçmiş zaman formaları müasir dil baxımından öyrənilmişsə də, tarixi aspektdə xüsusi tədqiqat mövzusu olmamışdır. Feilin zaman kateqoriyasının hərtərəfli tədqiqi üçün Azərbaycan dilinin yazılı abidələrində işlənmiş keçmiş zamanın inkişaf tarixinin izlənməsi əsas və vacib şərtlərdən biridir. Keçmiş zaman formalarının inkişafını izləmək tarixi morfologiyanın bir sıra mühüm məsələlərini işıqalndırmaq üçün də xüsusi əhəmiyyətə malikdir”.
İslam Vəliyevin araşdırmalarında ümumtürk abidəsi “Kitabi-Dədə Qorqud” eposunun dili ilə bağlı görüşlər də mühüm yer tutur. Alimin “Kitabi-Dədə Qorqud” abidəsində şühudi keçmiş zamanın bəzi xüsusiyyətləri”, “Kitabi-Dədə Qorqud” abidəsində perifrastik feil formaları”, “Kitabi-Dədə Qorqud” abidəsində arxaikləşmiş feili bağlama formaları”, “Kitabi-Dədə Qorqud”da alınma sifətlərin leksik-semantik səciyyəsi”, “Kitabi-Dədə Qorqud”un dilində köməkçi nitq hissələri”, “Dədə Qorqud Kitabın”da morfoloji yolla feil düzəltmə prosesi”, “Kitabi-Dədə Qorqud”un dilində say” adlı məqalələrində dastanın dilinin morfoloji özəllikləri geniş şəkildə şərh olunmuşdur.
Göründüyü kimi, İslam Vəliyevin əsərlərinin ağırlıq mərkəzində, əsasən tarixi morfologiya məsələləri dayanır. Bu baxımdan müəllifin tədqiqat istiqamətlərini aşağıdakı kimi sistemləşdirmək olar:
a) Müxtəlif yazılı abidələrin dilində nitq hissələrinin tədqiqinə həsr olunmuş məqalələr: “M.Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində keçmiş zamanın ifadə vasitələri”, “Azərbaycan yazılı abidələrinin dilində mürəkkəb feillər”, “Azərbaycan yazılı abidələrinin dilində -ıb şəkilçili nəqli keçmiş zaman”, “Feilin növ kateqoriyasının tədqiqinə dair”, “XIII-XIV əsrlər Azərbaycan yazılı abidələrində sifətin intensiv forması”, “Azərbaycan yazılı abidələrinin dilində feili sifət”, “Əmaninin əsərlərinin dilində feili bağlama formaları”, “XIII-XVI əsrlər Azərbaycan yazılı abidələrinin dilində zərf”, “XIV-XIX əsrlər Azərbayacn dili yazılı abidələrində idi, imiş yarımçıq feilləri”, “XV əsr Azərbaycan şairi: Hidayətin dilində feilin şəkilləri”, “Fədainin “Bəxtiyarnamə” poemasında köməkçi nitq hissələri”, “Azərbaycan yazılı yazılı abidələrinin dilində ədat” və s
b) Tarixi morfologiyanın ümumi məsələlərinə həsr olunmuş məqalələr: “XV əsr Azərbaycan dilinin bəzi morfoloji xüsusiyyətləri”, “Azərbaycan yazılı abidələrinin dilində -maq şəkilçisi”, “Orta əsrlər Azərbaycan yazılı abidələrinin dilində söz yaradıcılığı”, “Azərbaycan yazılı abidələrinin dilində şəxs kateqoriyası”, “Hekayəti-padişahi-Nizam” poemasının leksik və morfoloji xüsusiyyətləri”, “T.Hacıyev və Azərbaycan dilinin tarixi qrammatikası məsələləri”, “Hekayəti-Qisseyi-Yusif bin Yəqub“ məsnəvisi və onun dili” və s.
Bu məqamda bir cəhəti də qeyd edək ki, tədqiqatçı Azərbaycan ədəbiyyatında “Yusif və Züleyxa” mövzusunda yazılmış əsərlərə (X.Təbrizi, M.Zərir, S.Fəqih) xüsusi diqqət ayırmış, onların dilimizin tarixindəki rolu və əhəmiyyətini işıqlandıran bir çox məqalələr yazmışdır: “Suli Fəqihin “Yusif və Züleyxa” məsnəvisi və arxaik leksik vahidlər”, “M.Zəririn “Yusif və Züleyxa” poemasının dilində feilin əmr şəkli”, “Hatai Tebrizinin “Yusif ve Züleyha” mesnevisnin fonetik seciyyesi, “Azerbaycan dilinin tarihi gelişiminde Suli Fağih`in “Yusif ve Züleyha” mesnevisinin önemi”, “X.Təbrizinin “Yusif və Züleyxa” məsnəvisinin fonetik-orfoqrafik inkişaf yolları” və s.
İslam Vəliyevin elmi axtarışlarının əsasında, heç şübhəsiz ki, onun mükəmməl müəllimliyi dayanır. Alimliyi ilə müəllimliyi həmahəng olan bu xeyirxah insan öz elmi axtarışlarını tədris prosesinə daşıdığı kimi, auditoriyadakı tapıntılarını da sonradan yaradıcılığının tədqiqat obyektinə çevirir. Təcrübə onu göstərir ki, bəzən bir şəxsin alimliyi müəllimliyini və ya müəllimliyi alimliyini daha çox üstələyir. Təbii ki, bu, şəxsi keyfiyyətlərlə, ilahi istedadla, bəzən də həyatın diktəsi ilə bağlı olan məsələdir. Heç çəkinmədən demək olar ki, İslam Vəliyevin müəllimliyini onun alimliyi ilə rəqib kimi qarşılaşdırsaq, müəllimliyi alimliyinin biləyini qatlayacaq. Həqiqətən də, o, elə bir pedaqoji bacarığa və ustalığa sahibdir ki, çox sayda cild-cild əsərlərin müəllifi olsaydı belə, fikrimizcə, yenə də yaradıcılığı müəllimliyinin gücü qarşısında aciz qalacaqdı. Bu, elə bir ilahi vergidir ki, hər kəsə nəsib olmur: İslam Vəliyev təpədən-dırnağacan müəllimdir, auditoriyada da müəllimdir, gündəlik həyatda da, ailə də.
Ömrünün 60 ildən çoxunu bu şərəfli peşəyə sərf edən İslam müəllim illərdir ki, tələbələrə dilimizin tarixini, onun zənginliklərini öyrədir; bu sahəyə aid bir çox fənləri (“Azərbaycan dilinin tarixi”, “Orta əsrlər Azərbaycan yazılı abidələrinin dili”, “Əski Azərbaycan yazısı”...) tədris edir, həm də metodik göstəriş və tədris proqramları yazır: “Azərbaycan dilinin tarixi morfologiyası” (metodik göstəriş), “Əski Azərbaycan yazısı” (metodik göstəriş), “Azərbaycan dilinin tarixi qrammatikası” (metodik göstəriş), “Türk dillərinin müqayisəli qrammatikası. (proqram), “Orta əsrlər Azərbaycan yazılı abidələrinin dili” (proqram), “Kitabi-Dədə Qorqud“un morfologiyası” (proqram) və s.
İslam müəllim əzəmətli görünüşü - şux qaməti, nurlu siması, səliqəli geyimi, insanı ovsunlayan söhbətləri və şən zarafatları ilə illərlə çalışdığı kollektivin sonsuz rəğbətini qazanmış, yüzlərlə tələbənin ürəyini fəth eləmiş, bir sözlə, müəllim kimi könüllərin sultanına çevrilmişdir. O, elə xarakterə malik insandır ki, kiminsə ondan incidiyinə təsadüf etmək çox çətindir. Hətta özünün incidiyini belə zahirən büzurə verməz, zamanı gələndə səmimi zarafatları, ziyalı etikası ilə hisslərini elə ifadə edər ki, qarşısındakının qəlbinə toxunmasın.
Kiçiklə kiçik, böyüklə böyük olan bu gözəl müəllimlə həmsöhbət olmaq insana sözün əsl mənasında zövq verir; olduğu yerdə elə bir mühit yaradır ki, insan özünü onun tələbəsi kimi deyil, illərin həmkarı kimi hiss edir. Getdiyi, gəzdiyi yerlərə öz müdrikliyindən, səmimiliyindən, həyat təcrübələrindən, xoş zarafatlarından pay aparır. Ürəyindəki kədəri, canının ağrısını hər kəsdən gizlətməyə çalışır, hətta belə məqamlarda başqalarının üzünü güldürməyi belə bacarır. Tanıyanlar yaxşı bilir ki, İslam müəllim heç vaxt çətinliklər qarşısında əyilmir, hər an qamətini dik tutmağı, pedaqoji mühitdə səbirli, mürəkkəb məqamlarda təmkinli olmağı bacarır, yeri gəldikcə, gözəl sözlərini, mənəvi dəstəyini sevdiklərindən əsirgəmir. Universitetin bir tədris binasından o birinə gedərkən dəhlizlərdə İslam müəllimin yanına yüyürüb onunla hal-əhval tutmayan müəllim və tələbə qalmır. Bu məsafəni onunla birlikdə qət edərkən İslam müəllimlə görüşən ziyalılar sənin də əlini sıxanda adam özünü o qədər böyük şəxsiyyət hesab edir ki... bunu sözlə ifadə etməkdə acizik.
Gənclərə öz övladı kimi yanaşan Hocamızın tələbələrə xitabən söylədiyi məşhur “Mənim balam” ifadəsi, deyərdik ki, İslam müəllimin sehirli sözüdür. Məhz o kəlmə ilə başlayan dialoq tələbələrin qəlbinə su səpir, onların üzünü güldürür. Kənardan müşahidə edəndə bu ağsaqqal müəllimlə həmsöhbət olan hər tələbənin üzündə ancaq təbəssüm görmək olar.
İslam müəllim yaşından asılı olmayaraq hər kəs – tələbələri və həmkarları üçün çox maraqlı və gözəl yol yoldaşıdır. İslam müəllimlə hər hansı bir tədbirdə, səfərdə çiyin-çiyinə olmaq yalnız insana rahatlıq gətirə bilər. Onunla birlikdə Azərbaycanda və Türkiyədə bəzi beynəlxalq konfranslarda iştirak etmək bizə də nəsib olub. 2014-cü ildə Bilkənd Universitetində təxminən bir aya yaxın ezmiyyətdə olduğumuz müddətdə öz xarakteri, gənc nəslə örnək davranışları, istiqanlılığı ilə onun necə böyük rəğbət qazandığının şahidi olduq. Müxtəlif ölkələrdən gələn iştirakçıların – tələbə, müəllim və alimlərin qısa vaxt ərzində könlünü fəht etmək, onların sevimlisinə çevrilmək üçün, doğrudan da, gərək fitri istedad sahibi olasan. Alimindən tutmuş tələbəsinə qədər kursda iştirak edənlər İslam müəllimlə ünsiyyət qurmağa can atır, onun şən söhbətlərini yorulmadan dinləyirdilər.
İslam müəllimin şəxsiyyəti elə bir sehrdir ki, onun yanında insan varlığını hiss etmir, kölgəsi ətrafındakı hər kəsi sərinlədir. 2015-ci ildə Qarsda keçirilmiş beynəlxalq simpoziumda biz bir daha bunun şahidi olduq. Onun həyat təcrübələrini, çiyin-çiyinə çalışdığı görkəmli ziyalılarla bağlı danışdığı xatirələri dinləyən hər kəs Bakıdan Naxçıvana, oradan da Qarsa qədər qət edilən saatlarla yolun necə gəlib keçdiyini kimsə hiss etmədi. Və Qarsda keçirdiyimiz üç gün ərzində İslam müəllimin necə “əl üstündə tutulduğunu” kəlmələrlə təsvir etmək mümkün deyil.
İslam müəllim həm də zəhmətkeş ailə başçısı – ATADIR. Ömür-gün yoldaşı, tanınmış şərqşünas alim, böyük ziyalı ailəsində yetişmiş Nüşabə xanım Əlizadə ilə birlikdə halal zəhmətlə addımladıqları bu ali yolda iki oğul övladı böyüdən İslam müəllim əslində saysız-hesabsız tələbənin mənəvi atasıdır.
Ürəyi həlim və yumşaq olan, zərrə qədər kimsənin ruhunu incitməyən, öz giley-güzarını heç kəsin qəlbinə toxunmadan zarafatla çatdıran bu müdrik ağsaqqal bu gün də gənclik şövqü ilə çalışır, gənc müəllimlərin və tədqiqatçıların yoluna işıq salır.
Bəli, o, sözün əsl mənasında, böyük müəllimdir, illərdir ki, Bakı Dövlət Universitetində xalqın övladlarının həyatını elmlə bəzəmək üçün ömrünü şam kimi əridir. Xoşbəxt o insadır ki, ona bəxş edilmiş həyatı şərəflə yaşasın, özündən arxaya boylananda əbəs yerə yaşamadığını görə, dərk edə bilsin, dünya həyatını və əbədiyyət dünyasını bəzəyəcək gözəl əməllərə sahib olsun. Bax İslam müəllim saysız-hesabsız tələbələri üçün belə nümunəvi ziyalı, dəyərli pedaqoqdur.
İslam müəllimi əlamətdar yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılıq uğurları, ailəsinə, sevinc bəxş edən nəvələrinə xoşbəxt, firavan həyat arzulayırıq. Yubileyiniz mübarək, əziz müəllimimiz!

RAMİL BAYRAMOV, PƏRVİN EYVAZOV
BDU-nun “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri

Daxil olundu: 09.04.2022 » Oxundu: 1046
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!