Göyçay Peşə Liseyi rayonun ən qocaman təhsil müəssisələrindən biridir. 1933-cü ildən müxtəlif adlarla fəaliyyət göstərən lisey 1996-cı ildən Nazirlər Kabinetinin qərarına əsasən Göyçay Peşə Liseyi adlandırılıb. Liseyin hazırda fəaliyyət göstərdiyi inzibati bina isə 1969-cu ildə inşa edilib və müxtəlif vaxtlarda əsaslı təmir olunub. Son dəfə liseydə 2022-ci ildə cari təmir işləri aparılıb. Fəaliyyət göstərdiyi bu uzun illər ərzində liseyin yüzlərlə, minlərlə məzunları olub ki, onların əksəriyyəti öz peşəkarlıqları ilə çalışdıqları sahədə şərəfli ad qazanıblar.
Hazırda Göyçay Peşə Liseyinə Elxan Əliyev rəhbərlik edir. O, lisey haqqında daha ətraflı və dolğun məlumat verərək qeyd etdi ki, öz fəaliyyəti dövründə liseyin çox böyük uğurları olmuşdur. Liseyin şagirdləri respublikada keçirilən bir çox bilik yarışlarında yaxından iştirak edir və uğurlu nəticələr qazanırlar. Ümumiyyətlə, rayon və respublika turlarında həvəslə iştirak edən şagirdlər hər zaman təhsil aldıqları Göyçay Peşə Liseyinin adına böyük şərəf gətirərək adını ucaldıblar. Dəfələrlə müxtəlif bilik yarışlarının qalibi olublar.
Məlumat üçün onu deyək ki, liseyin yerləşdiyi ərazi 9,6 hektardır. Təlim-təsərrüfat sahəsi isə 121 hektardan ibarətdir.
Hazırda burada 509 tələbə seçdikləri peşələrin sirlərinə yiyələnir ki, bu işdə onlara çox böyük həvəs və məsuliyyətlə ümumilikdə 82 müəllim və texniki heyət yardım edir. Liseydə traktorist-maşinist, avtomobil təmiri çilingəri, avtomobil sürücüsü, xalçaçılıq, meyvə və kənd təsərrüfatı məhsulları istehsalı üzrə fermer, aqroservis mütəxəssisi, heyvandarlıq mütəxəssisi, rabitə avadanlıqlarının quraşdırılması, avtomobil elektriki, əməliyyatçı mühasib, sığorta işçisi, telekommunikasiya operatoru, elektrik avadanlıqlarının təmiri, kargüzarlıq, rəngsaz, suvaq ustası, mehmanxana inzibatçısı, poçt xidməti mütəxəssisi ixtisasları tədris edilir. Ümumiyyətlə, liseydə şagirdlər 13 ixtisas qrupu üzrə təhsil almaq imkanına malikdirlər. Lisey bütün lazımı avadanlıq və texnikalarla təchiz olunub. Şagirdlərin ixtiyarında həmçinin 45 dəst kompyuter avadanlığı vardır ki, onlar bu avadanlıqlardan səmərəli istifadə edirlər. Burada bütün idman qurguları ilə təchiz olunmuş geniş idman zalının olması isə şagirdlərin idmanla müntəzəm məşğul olmalarına imkan yaradır.
Şagirdlər arasında peşə təhsilinə olan marağın artmasını isə məktəbin direktoru Elxan müəllim liseydə yaradılan əlverişli şəraitlə və lazımı ixtisasların artırılması ilə bağlayır. Həmçinin bu amili əsaslandıran şərtlərdən biri də məzunların müxtəlif sahələrdə iş tapması üçün lazımı şərait yaradılmasıdır.
Məlumat üçün onu da deyək ki, liseyin direktoru Elxan Əliyev 1966-cı ildə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olub. 1988-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib. Elə həmin vaxtdan Göyçay Peşə Liseyində müəllimlik fəaliyyətinə başlayıb. Burada riyaziyyat müəllimi işləyən Elxan müəllim 2015-ci ildə ümumi təhsil fənləri üzrə tədris hissə müdiri vəzifəsinə yüksəlib. 2024-cü ilin may ayından liseyə direktor təyin edilib.
Liseydə bacarıqlı və peşəkar müəllimlər çalışır. Nümunəvi müəllimlərdən şəhid anası M.Ömərova, Həqiqət Rəcəbova, Natəvan Əliyeva, Rəfail Daşdəmirov, Elnur Nuriyev, Tərlan Məmmədov, Rəqibə müəllimə və digərlərinin adını çəkmək yerinə düşərdi. Məktəbin müəllimi Akif Rəşidovun isə «Əməkdə fərqlənməyə görə» medalına layiq görülməsi bütün kollektivi ürəkdən sevindirmişdir. Elxan müəllim istehsalat təlim ustalarının adlarını bir-bir sadalamaq istəmədi. «Onların hamısı öz işlərində son dərəcə məsuliyyətlidirlər» – söylədi.
Elxan müəllim daha vacib bir məsələni xüsusi olaraq vurğuladı və bildirdi ki, liseyin ümumilikdə 47 şəhidi vardır. Bunlardan 37-i Birinci Qarabağ müharibəsi, digər 10 nəfəri də isə İkinci Qarabağ – 44 günlük Vətən müharibəsi şəhididir. Burada şəhidlərə böyük ehtiram göstərilir və onların xatirəsi vaxtaşırı hörmətlə anılır.
Təhsil ocağında şagirdlər peşə sirlərinə bələd olmaqla yanaşı, buradakı zəngin kitabxanın xidmətindən də yararlanırlar. Onların əksəriyyəti kitabxanının daimi üzvüdür. Şagirdlər vaxtaşırı kitabxanaya gəlir, mütaliə edir, həm öz ixtisasları üzrə, həm də bədii kitablardan istifadə edirlər. Burada oxuculara təqdim olunan dünya ədəbiyyatı ilə də tanış olur, Azərbaycan ədəbiyyatını zinətləndirən şeir və nəsr nümunələrini oxumaqla dünyagörüşlərini zənginləşdirirlər. Bu isə onların gələcək həyatlarında, cəmiyyət arasında olan mövqelərində əsaslı rol oynayır.
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
