Qeyri-neft sektorunun ən vacib sahələrindən olan kənd təsərrüfatının inkişafı bütün dövrlər üçün aktual olub. İstər daxili tələbat, istərsə də ixraca görə kənd təsərrüfatı sahələrinin genişləndirilməsi üçün ölkəmizdə əlverişli təbii şərait mövcuddur. Bu baxımdan respublikamızda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Ümumiyyətlə, ölkəmizdə heyvandarlığa qarşı hər zaman böyük maraq olub. Biləsuvarda da bu sahə əvvəlki illərə nisbətən xeyli inkişaf edib. Bu inkişaf yolunda fermer təsərrüfatlarının rolu əvəzsizdir.
Fermer təsərrüfatı ilə məşğul olan insanlardan biri də Biləsuvar rayonunun ilk qadın fermeri Səadət Həsənovadır. Gözəl bir ailə sahibi olan üç övlad anası Səadət xanım 1985-ci ildə Biləsuvar rayonunda dünyaya göz açıb. Valideynlərinin də fermer olması onda hələ uşaqlıqdan bu sahəyə böyük maraq yaradıb və gələcəkdə fermer təsərrüfatı ilə məşğul olacağını qarşısına məqsəd qoyub. Səadət xanım məhz bu arzu və istəklə 1999-cu ildə fermerlik fəaliyyətinə başlayıb. Böyük zəhmət, məsuliyyətli iş öz nəticəsini verib və xanım fermer addım-addım uğura doğru yol başlayıb.
Təsərrüfatın 30 hektara yaxın torpaq ərazisi vardır ki, bunun da 15 hektarı otlaq sahəsidir. Həmçinin 9 hektarlıq pambıq sahəsi də bu təsərrüfat sahəsinə aiddir. Səadət xanım öz söhbətində bildirdi ki, hazırda əkinçilikdən başqa heyvandarlıqla da məşğul olurlar. «Təsərrüfatda 100 baş keçi saxlayıram. Keçilər əsasən Hələb və yerli sortlardır. Yay mövsümündə keçi pendirinə və südünə adıcılar tərəfindən böyük tələbat olur. Keçi əti isə çok keyfiyyətli olmaqla yanaşı, həm də bəzi xəstəliklər üçün hətta dərman hesab edilir. Bu baxımdan keçiyə hər zaman tələbat olub. Ümumiyyətlə, keçi sərfəli heyvandır və ildə 2 bala verir. Bu isə keçi təsərrüfatını ildən-ilə artırmağa gözəl şərait yaradır.
Buradakı bütün işləri ailə üzvlərim, yəni, övladlarımla birgə özüm görürəm. Keçilərə 17 yaşlı oğlum Əli, İsmayıl və qızım Zəhra xidmət edir və bu işin öhdəsindən məharətlə gəlirlər. Təsərrüfatımızda 20-yə yaxın iri buynuzlu mal-qara da vardır. Əvvəllər isə təsərrüfatda qoyun da saxlamışam. Mal-qaranın yemini təmin etmək üçün 4 hektar yonca ərazimiz də vardır. Bu yaxınlarda işimizi genişləndirmək üçün bankdan 30 min manat kredit götürmüşəm. Bu vəsaiti yaxın gələcəkdə təsərrüfatımızı daha da inkişaf etdirmək və genişləndirmək üçün maraqlı iş planlarıma sərf etmək niyyətindəyəm. İşimizin çətinlikləri də var. Belə ki, 10 ildir burada işığım yoxdur. Əgər işıq çəkilsə cücə inqubatoru işi ilə də məşğul olaram. Bu məsələ ilə bağlı müvafiq təşkilatlara müraciət etsəm də, hələ ki, müsbət nəticə yoxdur. Ümidim «Günəş panellər»ə qalıb ki, bunu da yəqin ki, kreditimi tam ödədikdən sonra həyata keçirə bilərəm. Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla bu haqda söhbətimiz olub. Lakin təəssüf ki, rayon rəhbəri bizə ürək-dirək versə də, hələ də işıqsızam…».
Biləsuvardakı qadın resus mərkəzinin üzvü olmuş Səadət xanım söhbətinin sonunda onu da bildirdi ki, heyvandarlıq sahəsində onlara daha çox dəstək olan rayonun baytarı Gülhüseyn həkimdir və mal-qaranın sağlam qalmasında onun zəhməti danılmazdır. «Bütün yaxşı insanlara Allah can sağlığı versin» – deyən Səadət xanıma öz işlərində biz də uğurlar arzulayır və təsərrüfatının bərəkətli olmasını diləyirik.
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
