Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqına arxalanmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə olduğu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir müstəqil ölkəmizi, onun bugünkü həqiqətlərinin, işıqlı sabahlarının bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrindəki dirçəliş Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının birliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycanda bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti dövründə 1995-ci il noyabr ayının 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib və ölkədə bələdiyyə institutu yaradılıb. Bu da dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olub. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu il dekabr ayının 12-də keçirilib. Bu il bələdiyyələrin fəaliyyətə başlamasından  27 il ötür. Bu illər ərzində bələdiyyələrin inkişafı üçün 20-dən çox qanun qəbul edilib, 200-dən artıq normativ hüquqi sənəd toplusu təsdiqlənib və istifadəsi üçün bələdiyyələrin ixtiyarına verilib. Qanunauyğun olaraq bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir. İkinci dəfə bələdiyyə seçkiləri 2004-cü ildə, daha sonra 2009, 2014, 2019 və 2024-cü illərdə keçirilib. Bu illər ərzində bələdiyyələr yerli özünüidarəetmə qurumu kimi müəyyən işlər görüb. Ötən illərə nəzər saldıqda asanlıqla görmək olar ki, Azərbaycan bələdiyyəsində müəyyən irəliləyişlər, uğurlar və nailiyyətlər vardır. Ölkəmizdə kifayət qədər böyük həcmdə layihələr həyata keçirmiş bələdiyyələr vardır. Bələdiyyələr şəhər, qəsəbə və ucqar kəndlərə qədər ölkənin bütün ərazisini əhatə edir. Bu qurumun öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları vardır. Ümumiyyətlə, bələdiyyə seçkili orqandır və yalnız seçkilərdə səs toplayaraq qalib gəlmiş namizədlər bələdiyyə üzvü olmaq hüququ əldə edirlər. Bələdiyyələr əsasən yerli əhəmiyyətli problemlərin həlli ilə məşğul olur. Bununla bağlı çoxsaylı qanunvericilik aktı qəbul edilmişdir. Bu gün də Ulu Öndərin siyasətini əldə rəhbər tutan dövlətimiz bütün sahələrlə yanaşı, bələdiyyələrin də inkişafı və mükəmməlliyi ilə bağlı müəyyən qərarlar qəbul edir. Ölkəmizin hər bir sahədə  inkişafı xalqımızın xoşbəxt gələcəyinə hesablanmış tərəqqisidir. O cümlədən bələdiyyələrin də inkişafı üçün bacardığımız qədər çalışmalı və əlimizdən gələni əsirgəməməliyik. Çünki hər bir kəs məhz təmsil etdiyi sahənin inkişafı üçün çalışmağı ilə dövlətinə ləyaqətlə xidmət etmiş sayılır.

Oqtay MƏSİMOV,

Göygöl bələdiyyəsinin sədri

Daxil olundu: 19.08.2026 » Oxundu: 33
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!