«Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram»larının uğurla icra edilməsinin bariz nümunəsindən biri də Qazax rayonunda son illərdə həyata keçirilən abadlıq işləri, xüsusilə də ölkə Prezidenti İlham Əliyevin qayğısı sayəsində Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin həyata keçirilməsi, prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması və digər işlərdir. Rayon və kəndlərin abadlaşdırılmasında, gündən-günə inkişaf etdirilməsində bələdiyyələrin xidməti böyükdür. Ağköynək-Qarapapaq kənd bələdiyyəsi də bu inkişafdan geri qalmır, ərazinin adablığı üçün var qüvvəsini sərf edir».
Bu sözləri Qazax rayon Ağköynək-Qarapapaq kənd bələdiyyəsinin sədri Hamlet Hacıəliyev söylədi. Bildirdi ki, son illərdə kəndin abadlığı üçün bələdiyyə tərəfindən xeyli təmir-tikinti, yenidənqurma işləri aparılıb. Bu isə kənd sakinlərinin rifah halının daha da yaxşılaşdırılması, daha rahat və kamfort yaşamaları üçündür.
Hamlet müəllim 26 sentyabr 1977-ci il ildə Qazax rayonunun Ağköynək kəndində anadan olub. Orta məktəbi doğulub boya-başa çatdığı kənddə aldıqdan sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olub və ali təhsilini Ekologiya ixtisası üzrə bitirib. O əvvəl şəxsi bizneslə məşğul olub. Sonralar Qarayazı Dövlət Qoruğunda 4 il öz ixtisası üzrə çalışıb. 2015-ci ildən sonra müxtəlif illərdə bələdiyyədə sədr, sədr müavini və mühəndis vəzifələrində işləyib. Son bələdiyyə seçkilərində Ağkönək-Qarapapaq bələdiyyəsinə sədr seçilib.
Bələdiyyə haqqında məlumat verən Hamlet müəllim qeyd etdi ki, hər iki kəndin birlikdə 4 min 700 əhalisi vardır. Bələdiyyə əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşması üçün əlindən gələni əsirgəmir. Son günlərdə görülən işlərdən biri də kəndə su çəkilişi ilə bağlıdır. Kənddə suyunun şirinliyi ilə seçilən, dağlardan süzülüb gələn Ağbulaq bulağına xüsusi diqqət yetirilir və bu bulaq yeni, müasir tipli 1800 metr plastik borularla əvəz olunub. Qazax əhalisinin çoxu bu bulaqdan istifadə edir. Ağbulaq rayonun ən yaxşı və keyfiyyətli sularından biridir. Bələdiyyə, həmçinin kəndin 2 böyük küçəsinin işıqlandırılmasına nail olub. Onu da bildirək ki, bu iki kənd şəhərlə bitişik olduğundan küçələr RİHB-nın təşəbbüsü ilə asfaltlanmışdır. Bu iki kəndin qəbiristanlıq deyilən ərazisində də əzəldən su olmayıb. Bunu nəzərə alaraq artezian quyusunun suyu ora da çəkilmişdir və hazırda 42 ev bu sudan istifadə edə bilmək imkanına malikdir. Hamlet müəllim qeyd etdi ki, maddiyyat məhdudiyyəti üzündən şəhid ailələrini himayəyə götürə bilməsələr də onların yas mərasimlərinə dəstək olublar.
Söhbətinin sonunda Hamlet müəllim bələdiyyənin gələcək planlarından da danışdı. Bildirdi ki, yaxın gələcəkdə bəzi küçələrə çınqıl döşəmək və suya ehtiyacı olan evlərə su çəkmək niyyətindədirlər. Yol da, su da insan yaşayışı üçün ən vacib olan amillərdəndir. Eyni zamanda yol salmağı, su çəkməyi xalqımız ən savab əməllərdən biri hesab edib. Biz də bu savab və gərəkli işdə Ağköynək-Qarapapaq bələdiyyəsinə uğurlar arzulayır, işiniz avand olsun deyirik.
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
