2023-cü il oktyabrın 07-də Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professoru, filologiya elmləri doktoru, zəhmətkeş alim və gözəl müəllim Reyhan Yusif qızı Həbiblinin 50 yaşı tamam olur.
Reyhan xanım 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1980-1990-cı illərdə Bakı şəhəri 20 saylı tam orta məktəbdə təhsil almış və ümumtəhsil pilləsini gümüş medalla başa vurmuşdur. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alaraq, bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirən Reyhan Həbibli 1995-1998-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafederasının əyani aspirtantı olmuşdur. 1998-ci ildə “Onomastik lüğətlərin elmi-nəzəri əsasları və tərtibi prinsipləri (Azərbaycan onomastikası materialları əsasında)” adlı namizədlik, 2021-ci ildə isə “Azərbaycan tətbiqi onomastikası“ mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. Müxtəlif illərdə BDU-nun Azərbaycan dilçiliyi kafederasında baş laborant, müəllim, baş müəllim dosent vəzifələrində çalışmışdır. 2022-ci ildən həmin kafedranın professorudur.
Reyhan Həbiblinin elmi-pedaqoji fəaliyyəti, əsasən Azərbaycan dilçiliyinin tədqiqi və tədrisi ilə bağlıdır. BDU-nun Filologiya fakültəsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan gənclərə müasir Azərbaycan dili ilə bağlı fənləri tədris edən, o cümlədən əcnəbi tələbələrə Azərbaycan dilinin sirlərini öyrədən Reyhan xanım öz elmi və pedaqoji fəaliyyət sahəsinə uyğun müxtəlif əsərlərin – monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin, proqram və metodik göstərişlərin, o cümlədən yüzə yaxın elmi məqalənin müəllifidir. Dilçi alimin “Azərbaycan onomastik lüğətləri” (2000) və “Tətbiqi onomastika məsələləri” (2018) adlı monoqrafiyaları, əcnəbi tələbələr üçün müxtəlif illərdə nəşr olunmuş “Azərbaycan dili” və “Nitqin elmi üslubu” adlı dərslik, metodik göstəriş və proqramları, habelə həmmüəllif olduğu bir sıra orta məktəb dərslikləri, eyni zamanda həmin istiqamətlər üzrə qələmə aldığı çoxsaylı elmi məqalələri dilimizin tədqiqi və tədrisinə dair dəyərli mənbələrdir.
Reyhan Həbiblinin elmi yaradıcılığı əsasən Azərbaycan dilinin onomastikası ilə bağlıdır. Müəllifin araşdırmaları Azərbaycan onomastikasının tətbiqi məsələlərinin kompleks təsviri və təhlilinin ilk təcrübəsi hesab oluna bilər. Bu araşdırmalarda tətbiqi onomastikanın inkişaf tarixinə ekskursiya edilir, milli və xarici onomastikada onimlərin öyrənilməsində mövcud yanaşmaların analitik xülasəsi təqdim olunur. Alimin bu yöndəki məqalələrində onimlərin ümumi isimlərə semantik keçidi nəticəsində yeni yaranan xüsusi ad törəmələrinin imkanları da nəzərdən keçirilir. İlk dəfə olaraq müəllifin tədqiqatlarında Azərbaycan onomastik sistemi etnolinqvistik və sosiolinqvistik proseslərlə əlaqədə kompleks şəkildə təhlil olunur. Bu baxımdan Reyhan xanımın araşdırmalarında əldə olunmuş nəticələr Azərbaycan onomastikasının tədqiqi üçün gələcək strategiyanı müəyyən etmək və onomoterminoloji nominasiya sferasında axtarışlar üçün mühüm əhəmiyyət kəsb edir.
Alimin bu sahədəki tədqiqatlarının bir qismi Qarabağ toponimlərinin öyrənilməsinə həsr olunmuşdur: “Qarabağın metaforik toponimləri”, “Qarabağın türk mənşəli etnotoponimləri”, “Qarabağ toponimiyasında coğrafi terminlər”, “Qarabağın rəng komponentli toponimləri” və s. məqalələrində müəllif Qarabağ toponimlərinin linqvistik xüsusiyyətləri ilə bağlı maraqlı məqamları üzə çıxarmışdır. Qeyd edək ki, Reyhan Həbiblinin onomastik tədqiqatları təkcə ölkəmizdə deyil, beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan nüfuzlu elmi jurnallarda da işıq üzü görmüşdür.
Reyhan xanım nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da Bakı Dövlət Universitetini, ümumən Azərbaycan elmini uğurla təmsil edir. Tədqiqatçı Türkiyə, Rusiya, İspaniya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Polşa və başqa ölkələrdə keçirilmiş mühüm beynəlxalq elmi konfranslarda Azərbaycan dilçiliyinin aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış etmiş və müəllifin görüşləri həmişə maraqla qarşılanmışdır.
Reyhan Həbibli məhsuldar elmi fəaliyyətinə görə “Qızıl qələm” (2007) və “İlin alimi” (2022) mükafatlarına layiq görülmüşdür.
Reyhan xanım həm də gözəl pedaqoq – mükəmməl müəllimdir. Elmi yaradıcılığı ilə pedaqoji fəaliyyəti həmahəng olan bu nəcib ziyalı xanım özünün müəllim obrazı ilə bütün tələbələrinin sevimlisinə çevrilmişdir. Əsl alim etikasına, ümumiyyətlə, yüksək mənəvi keyfiyyətlərə malik Reyhan xanım nəinki BDU-nun Filologiya fakültəsinin kollektivinin, ümumən, elmi və pedaqoji ictimaiyyətin rəğbətini qazanmışdır. Bu gün Reyhan Həbibli Azərbaycan dilçiliyində öz imzası ilə seçilən alimlərimizdən və mənəvi təmizliyi, ziyalı siması ilə hər kəsin hörmətini qazanmış dəyərli müəllimlərimizdən biridir.
Reyhan xanımı yaradıcılığının məhsuldar dövründə 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar və övladlarına xoşbəxt, firavan gələcək arzulayırıq. Yubileyiniz mübarək, əziz müəllimimiz!

Pərvin Eyvazov
BDU-nun “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi

Daxil olundu: 07.10.2023 » Oxundu: 370
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!