BDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ramil Əkbər oğlu Bayramovun «Azərbaycan dilində psixologiya terminlərinin linqvistik təhlili» (Bakı: “Füyuzat”, 2024, – 220 s.) monoqrafiyası nəşr olunmuşdur. Kitabın baş redaktoru və ön sözün müəllifi AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Baloğlan oğlu Məmmədli, elmi redaktorları BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru, filologiya elmləri doktoru Hüseyn Abbas oğlu Əsgərov, BDU-nun Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Əvəz oğlu Məmmədli, rəyçilər AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Allahverdi qızı Sadıqova, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tofiq Müzəffər oğlu Hacıyev, BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Mətanət Əli qızı Abdullayeva, BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, professor Rəna Fuad qızı İbrahimbəyovadır.
Monoqrafiyada Azərbaycan dilində mövcud olan psixologiya terminləri ilk dəfə sinxron və diaxron planda, nəzəri və praktik aspektdə araşdırılmışdır. Psixologiya terminlərinin Azərbaycan dilinin terminoloji sistemində yeri müəyyənləşdirilmiş, onların dildə işlənmə tarixi, semantik özəllikləri, yaranma üsulları konkret nümunələrlə əsaslandırılmış, əcnəbi psixologiya terminlərinin mənşəyi, dilə daxilolma səbəbləri, mənimsənilmə prosesi və unifikasiya məsələsi tədqiq olunmuşdur. Monoqrafiyanın elmi-nəzəri müddəalarından terminologiya ilə bağlı aparılacaq elmi tədqiqat işlərində, terminologiyaya və psixologiyaya aid dərslik, dərs vəsaiti və monoqrafiyaların yazılmasında, terminoloji lüğətlərin hazırlanmasında istifadə oluna bilər. Həmçinin bu tədqiqat işindən ali və orta ixtisas məktəblərinin müvafiq ixtisaslarında leksikologiya, leksikoqrafiya, terminologiya və psixologiyaya dair fənlərin tədrisi zamanı tələbə, magistrant və doktorantlar yararlana bilərlər.

kriteri.az

Daxil olundu: 14.06.2024 » Oxundu: 1034
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!