Dilçilikdə lüğətlərin tərtibi işinin nəzəriyyə və praktikası ilə məşğul olan lüğətçilik sahəsi ən qədim dövrlərdə yaranmış və bu sahə müasir dövrdə də öz əhəmiyyətini itirmir, əksinə daim inkişaf edir. Müasir lüğətçilik iki istiqamətdə inkişaf edir: ənənəvi və kompüter lüğətçiliyi. Lüğətçiliyin bu iki istiqaməti bir-birini nəinki inkar etmir, əksinə biri digərinin inkişafı üçün zəmin yaradır. Doğrudur, son illər artıq kompüter texnologiyalarının inkişafı ilə əlaqədar olaraq bu istiqamətdə yaranan lüğətlər daha çox nəzərə çarpır. Bununla yanaşı ənənəvi lüğətçilik də XXI əsrdə daim inkişafdadır.
Son illər Azərbaycan lüğətçiliyi də xeyli inkişaf etmiş dilimizin lüğət tərkibinin zənginliyi bu lüğətlərdə bir daha öz əksini tapmışdır. Bu mənada hazırlanan lüğətlər içərisində şair və yazıçılarımızın bədii dillərinin izahlı lüğətlərinin hazırlanması da xüsusi önəm kəsb edir. Məlumdur ki, ədəbi dilin inkişafında söz ustalarının rolu danılmazdır. Təsadüfi deyil ki, çox vaxt ədəbi dili elə yazıçı və şairlərin dili hesab edirlər. Bu mənada son illər Dilçilik İnstitutunda bu sahədə aparılan işlər təqdirəlayiqdir. Xüsusən də bu yaxınlarda işıq üzü görən “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti” özünün həcminə və dilçilik elmi baxımından əhəmiyyətinə görə böyük hadisə hesab edilə bilər. Nəzərə almaq lazımdır ki, dilçilik elmi baxımından bu cür kitabların nəşri həqiqətən tarixi hadisə hesab edilə bilər. Əsərin həcmi də deyilən fikirləri bir daha sübut edir. 852 səhifədən ibarət lüğətdə 7 minə yaxın söz (6889) və mindən yuxarı ifadə (1100) öz əksini tapmışdır. Professor Nadir Məmmədlinin elmi məsləhətçisi olduğu lüğətin tərtibçiləri professorlar İsmayıl Məmmədli, Aydın Ələkbərli, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, filologiya üzrə fəlsəfə doktoru Bəhruz Abdullayev və aparıcı elmi işçi Nigar Ağayevadır.
Olduqca ağır zəhmətin bəhrəsi olan bu möhtəşəm lüğət Cəfər Cabbarlının əsərlərinin dilinin lüğət tərkibini tam olaraq əhatə etməsi ilə diqqəti cəlb eşir. Əsərdə hər bir sözün və ifadənin mənaları izah edilməklə yanaşı, ədibin ədəbi-bədii irsində istifadə edilən frazeoloji birləşmələrin də məna incəlikləri, çoxmənalılıq nümunələri verilmişdir.
Nəzərə almaq lazımdır ki, bu lüğət Azərbaycan dilçiliyində ilk nümunə deyildir. Buna qədər isə “Səməd Vurğunun bədii dilinin izahlı lüğəti” (2011) də nəşr edilmişdir. Əsər həm həcminə (672 səhifə), həm də söz və ifadələrin sayına görə (6215 söz və 1753 ifadə) Cəfər Cabbarlı lüğətindən geri qalsa da dilçiliyimizdə bu sahədə yazılan ilk lüğət kimi yadda qalmışdır.
Ümumiyyətlə, qeyd olunmalıdır ki, bu tip lüğətlərin tərtibi və çapı dilimizin tədqiqi baxımından da böyük əhəmiyyət kəsb edir. İnanırıq ki, gələcəkdə digər şair və yazıçılarımızın da bu cür izahlı lüğətləri tərtib olunacaq və dilimizin zənginliyini əks etdirən bu lüğətlər dilçi-tədqiqatçılarla yanaşı geniş oxucu kütləsi üçün də əlçatan olacaq.

Rasim Heydərov
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutu
Təhsil şöbəsinin müdiri

Daxil olundu: 18.12.2022 » Oxundu: 525
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!