
Cəmiyyətin bütün təbəqələrinin nümayəndələri müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu 15 İyun – Milli Qurtuluş Gününü hər il fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edir.
Azərbaycanın ikinci dəfə qazandığı müstəqilliyinin qorunması və möhkəmləndirilməsi hələ Sovet dönəmində respublikamızın gələcək inkişafı üçün fundamental əsaslar yaradan Ulu Öndərin üzərinə götürdüyü müstəsna əhəmiyyət daşıyan bir missiyası idi. Heydər Əliyev xilaskarlıq missiyasına Naxçıvandan başlamışdı.
1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda böyük mübarizə əzmi yaratdı. Halbuki respublikanın o vaxtkı rəhbərliyinin təhriki ilə həmin saxta referenduma Azərbaycan da qoşulmuşdu. Zaman Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Referendumdan cəmi bir neçə ay sonra keçmiş SSRİ-də dövlət çevrilişinə cəhd oldu. Bundan sonra hadisələr dönməz xarakter aldı, keçmiş ittifaq, onunla bərabər də kommunist partiyası dağıldı.
Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində fəaliyyəti yalnız bunlarla məhdudlaşmadı. O, eyni zamanda, ölkəmizdə xilaskarlıq missiyasını yerinə yetirdi. Dövlət müstəqilliyinə nail olmaq hər bir xalqın müqayisəyəgəlməz tarixi nailiyyətidir. Azərbaycan da keçmiş ittifaq məkanında gedən məlum proseslər nəticəsində 1991-ci ildə ikinci dəfə müstəqillik qazanmağa müvəffəq oldu. Ancaq müstəqilliyimizin ilk illərində xalqımız bir sıra məhrumiyyətlərə qatlaşmaq məcburiyyətində qaldı. 1992-ci il may ayının 14-də hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz və bütövlükdə ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. Bütün hakimiyyət pillələrinə sirayət edən özbaşınalıq, xaos, hərc-mərclik, vəzifə sahiblərinin ambisiyaları o dövrü xarakterizə edən əsas cəhətlər idi.
Ulu Öndər Heydər Əliyev Ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı, iyunun 9-da Bakıya gəldi və dahiyanə bir zəka, möhkəm iradə ilə xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu Öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, respublikamız müstəqilliyi itirmək təhlükəsindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı.
Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Ümumiyyətlə, ölkəmizin hər birimizdə qürur doğuran reallıqları ilk növbədə siyasi varisliyin təmin edilməsi ilə bağlıdır. Biz ayrı-ayrı ölkələrin timsalında siyasi kursun vaxtaşırı dəyişməsinin fəsadlarını dəfələrlə müşahidə etmişik - belə hallar anarxiyaya, iqtisadi tənəzzülə, sosial vəziyyətin ağırlaşmasına və bu kimi digər mənfi meyillərə yol aça bilir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmizdə Ulu Öndərin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Prezident İlham Əliyev hələ ilk dəfə dövlət başçısı seçilərkən bəyan etmişdi ki, Onun əsas vəzifəsi Heydər Əliyev siyasi kursunu davam etdirmək olacaq. Son illərin təcrübəsi, qazanılan uğurlar onu təsdiqləyir ki, dövlətimizin başçısı Ulu Öndərin siyasi kursunu zamanın dəyişən tələblərinə uyğun daha da zənginləşdirərək inamla davam etdirir.
Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.
Elmira BAYRAMOVA
Qusar şəhər 4 saylı tam orta məktəbin direktoru