Uşaq və yeniyetmələrin istedad və bacarıqlarının formalaşması, inkişafı, münasib istiqamətə yönləndirilməsi üçün yaradıcılıq və inkişaf mərkəzlərinin xidməti əvəzsizdir. Məhz bu mərkəzlərdə uşaq və yeniyetmələr öz maraq dairələrinə uyğun şəkildə istedadlarını üzə çıxara bilir, özlərini göstərmək imkanı əldə edirlər. Deyirlər istedadsız insan yoxdur, sadəcə o istedadın üzə çıxması üçün şərait lazımdır. Bu baxımdan uşaqların istedad və bacarıqlarının kəşfi üçün onların müxtəlif inkişaf və yaradıcılıq mərkəzlərinə yönləndirilməsi ən doğru yoldur. Hər işin başlanğıcı çətinliklərdən keçir. Əsas odur ki, ruhdan düşməyəsən və özünəinam hissini itirməyəsən. Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin amalı da məhz budur; uşaq və yeniyetmələrdə özünəinam hissi təlqin etmək, onların istedad və bacarıqlarının üzə çıxmasına vasitəçi olmaq və bu istedadın formalaşması və lazımı həddə çatdırılması üçün münbit şərait yaratmaq. Mərkəzin direktoru Vüsalə Nəsibovadır. Vüsalə xanım 3 mart 1981-ci ildə Qazaxda dünyaya göz açıb. Orta təhsilini saz-söz oylağı, şairlər vətəni olan doğma diyarında alıb. Ali təhsilini də başa burduqdan sonra yenidən doğulub boya-başa çatdığı Qazaxda əmək fəaliyyətinə başlayıb. 2005-ci ildən Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində çalışan Vüsalə xanım artıq iki ildir ki, müəssisəyə rəhbərlik edir. Məlumat üçün bildirək ki, əvvəllər bu müəssisə Uşaq Yaradıcılıq, Texniki Yaradıcılıq, Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzləri kimi ayrı-ayrılıqda fəaliyyət göstərib. Bu müəssisələr 2017-ci ildə birləşdirilib və Uşaq Gənclər İnkişaf Mərkəzi kimi fəaliyyətini davam etdirib. Hazırda müəssisənin rayonun 16 məktəbində müxtəlif dərnəkləri fəaliyyət göstərir. Mərkəzin şagirdləri Respublika və rayon tədbirlərində yaxından iştirak edir və yüksək nəticələr qazanırlar. Bu yaxınlarda Qubada keçirilən "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" Beynəlxalq festivalında Mərkəzin şagirdi Zəhranın hazırladığı "Ulu Öndər Heydər Əliyevin imzası" əl işi 1-ci yerə layiq görülüb. Bu ən yüksək nəticənin sahibi olan Zibanın dərnək rəhbəri Pərvanə Həsənovadır. Sevindirici faktdır ki, həmin festivalda 2-ci yerin qalibi də məhz qazaxlı dərnək iştirakçıları olmuşdur. Tədbirdə iştirak edən İlqar və Arazın əl işləri də böyük maraqla qarşılanmışdır. Hazırda Mərkəzin şagirdləri yeni əsasnaməyə əsasən "Mənim irsim danışır" mövzusunda Qazaxın Damcılı bulaq və Göyəzən dağı abidələrinin maketi üzərində işləyirlər. Bu əl işlərinin də böyük uğur qazanacağı heç şübhə doğurmur. Mərkəzin nümunəvi dərnək rəhbərlərindən Pərvanə Hətəmovanın, Ziba Qasımzadənin, Məxluqə, Afaq, Lamiyə xanımların və başqalarının adını çəkmək yerinə düşərdi. Onların öz işlərinə olan böyük məsuliyyət hissi şagirdlərin daha uğurlu nəticələr əldə etmələri üçün əsaslı rol oynayır. Vüsalə xanım öz söhbətində bildirdi ki:"Şagirdlərimiz dərsdən sonra müxtəlif dərnəklərdə sevib-seçdikləri sahənin sirlərini öyrənirlər. Bu dərnəklər Qazaxda yaşayan uşaq və yeniyetmələrin incəsənət sahəsi üzrə inkişafında mühüm əhəmiyyətə malikdir. Dərnək rəhbərləri şagirdlərə incəsənətin sirlərini sevə-sevə öyrədirlər. Dərnəklərin sayı artdıqca, şagirdlərin də sayı artır. Şagirdlərin əl işlərinin müxtəlif tədbirlərdə sərgilənməsi onlarda böyük ruh yüksəkliyi yaradır və yeni uğurlara olan inamını artırır. Bu dərnəklərdə xeyli sayda bacarıqlı şagirdlər yetişməkdədir". İnanırıq ki, Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin daha böyük nailiyyətləri hələ qarşıdadır. Bu yolda hər birinizə uğurlar arzulayırıq.
Gülağa CƏFƏROV,
Kesmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü
