Dayanır bir dağ təki
Dağlar qoynunda Şəki.

Adı çəkiləndə gözəl təbiəti, qonaqpərvər insanları, duzlu, məzəli lətifələri, dadlı şirniyyatı yada düşən qədim Şəki. Odlar yurdunun elm və mədəniyyət mərkəzlərindən biri, respublikamıza onlarla alim, şair, bəstəkar, müğənni, artist, bütün elm sahələri üzrə görkəmli insanlar bəxş edən qədim şəhərim mənim. Hərəsi bir tarixi hadisəni özündə yaşadan qədim qalaları, Ölkəşünaslıq muzeyi, Şəkixanovların evi, karvansarayları, adı YUNESKO-nun siyahısına düşən Xan sarayı ilə turistləri özünə cəlb edən Şəkim mənim.
Əziz oxucular! Bu qədim şəhərin Yuxarıbaş adlanan hissəsi 6 mart 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə memarlıq qoruğu elan edilib. Şəhərin tarixi hissəsi isə Şəki Xan sarayı ilə birlikdə 2019-cu ildən YUNESKO-nun irsi siyahısına daxil edilmişdir.
Əziz oxucular! H.Əliyevin sözü ilə desək, “Şəkinin açıq səmada bir muzey şəhər” olduğunu demək, bu qədim yurdun tarixini, memarlığını, mədəniyyətini, sənətkarlığını, tarixə verdiyi şəxsiyyətlərini, hər bir sahədə olan özəlliklərini, bir sözlə, mənəvi kimliyimizi bir məkanda yerli və xarici qonaqlara təqdim etmək üçün ömrünün 13 ilini bu işə sərf edən, ürəyi yurduna, doğma şəhərinə, onun mədəniyyətinə məhəbbətlə, vurğunluqla döyünən Xatirə Əkbərovanın yaratdığı “Yurd yaddaşı” adlı məkandan söz açmaq istəyirəm. Şəkinin qoruq hissəsində olan Karvansarayla üzbəüz yeni üslubda tikilmiş bir binanın birinci mərtəbəsində yerləşir “Yurd yaddaşı”. Muzeyin yerləşdiyi salonu məcazi mənada “Şəkinin canlı ensiklopediyası” da adlandırmaq olar. Çünki Şəki şəhəri bütünlüklə bu salonda yerləşdirilib. Muzey hazırda aşağıdakı bölmələrdən ibarətdir.
1. Qədim yurd yeri- miniatür şəhər bölməsi. Bu bölmədə YUNESKO-nun tarixi şəhərlər liqasına qəbul olunan qoruq ərazisindəki bir əsrdən çox yaşı olan qalalar, mülklər, muzeylər, karvansaraylar, tarixi şəxsiyyətlərin dünyaya göz açdığı yaşayış evləri, ev muzeyləri, şəhəri iki hissəyə ayıran Qurcana çayı, möhtəşəm qala divarları, XVIII əsr dünya memarlıq incisi olan Xan sarayı, məscidlər, məbədlər, dini binalar, minarələr, bir sözlə, əsrarəngiz Şəki memarlığı, ümumiyyətlə, şəhərin qədim qoruq hissəsi kiçik maketlərdə məkanın imkanları daxilində relyefə uyğun şəkildə təqdim olunur.
2. Şəxsiyyət və tanınmışlar guşəsi. Şəkidə dünyaya göz açıb şəxsiyyətlər səviyyəsinə ucalanlar, hətta ölkə hüdudlarından kənarda tanınmış insanlar və görkəmli simaların şəkilləri sıralanıb.
3. Şəki xanlıqları guşəsi. Müxtəlif dövrlərdə Şəkidə hakimiyyətdə olan 18 xan və onların hakimiyyət illəri xronoloji ardıcıllıqla təqdim olunur.
4. Şəkinin ictimai-siyasi həyatını əks etdirən guşə.
5. 1937-ci ilin repressiya qurbanları və Şəkidə baş verən üsyanlar guşəsi.
6. Görkəmli ictimai-siyasi xadim və dövlət rəhbərlərinin Şəkiyə olunan tarixi səfərləri guşəsi.
7. Mətbəə və kitabxana guşəsi.
8. Qədim əşyalar və Şəki evi.
9. “Şəki Şərqin incisi” adlı Şəki memarlıq və sənətkarlıq guşəsi.
10. Şəki qonaqpərvərliyi və yerli məişətini əks etdirən guşələr də hazırda “Yurd yaddaşı” muzeyində sərgilənir.
Muzeydə rayona gələn istər yerli, istərsə də əcnəbi qonaqlar kiçik maketlər formasında qurulmuş Şəki şəhəri ilə tanış olmaqla bu qədim diyarı bir məkanda və qısa zaman çərçivəsində vizual bir səyahət etmiş olurlar. Bu barədə Xatirə Əkbərova deyir: “Məndə bir vətəndaş olaraq tarixi dəyərlərimizi yaşatmaq, “Yurd yaddaşı” adlı muzey şəhəri yaratmaq ideyası yarandı. Bunu reallaşdırmaq üçün sifarişim əsasında yerli rəssam və sənətkarların kiçik maketlər şəklində hazırladıqları əl işlərindən otaq şəraitində qədim şəhəri simvolik olaraq miniatür muzey şəklində yaratmağa çalışdım. Qeyd edim ki, Şəkinin qədim tarixi ilə bağlı açıq olmayan və qorunan şəraitdə çox önəmli ciddi və nadir tarixi sənədlərin orijinal nüsxəsi saxlanılır. Həmin qiymətli sənədləri uzun illər içərisində müxtəlif mənbələrdən toplamışam”.
Şəkidə yaşayan ziyalıların ən sevimli görüş yeridir “Yurd yaddaşı”. Burada tariximizi, dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edən görüşlər, Şəki yazarlarının yeni nəşr olunan kitablarının müzakirəsi keçirilir. Məktəblilər də buraya gəlir, buradakı eksponatlarla tanış olurlar. Əziz oxucu! Əgər sən də Şəkini bütövlükdə görmək, onun Azərbaycana bəxş etdiyi tarixi şəxsiyyətləri, elm adamları, tanınmış ziyalıları ilə tanış olmaq istəyirsənsə, “Yurd yaddaşı”nın qonağı ol.

Səhər Nəsib qızı Rzayeva
təqaüdçü müəllim

Daxil olundu: 28.12.2023 » Oxundu: 1851
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!