Tural Aydın oğlu Məmmədov Xaçmaz Dövlət Peşə Mərkəzinin direktoru vəzifəsinin icrasına ötən ilin 17 noyabr tarixindən başlayıb. Lakin bu az müddət ərzində xeyli uğurlu işlərə imza ata bilib. Xaçmaz Peşə Məktəbində yüksək peşə təhsili almaq üçün hər cürə imkan yaradılıb. Burada çox sayda sinif otaqları ilə yanaşı, kompyuter otaqları, emalatxanalar, laboratoriya, kitabxana, akt zalları və s. şagirdlərin ixtiyarındadır. Bir neçə il bundan əvvəl məktəb binasında əsaslı təmir işləri aparılıb. Bu isə şagirdlərin daha keyfiyyətli təhsil almaları üçün münasib şəraitin yaradılması, bütün lazımı avadanlıqlarla təmin olunması istiqamətində atılmış uğurlu addımlardan biridir. Mərkəzin direktoru Tural Məmmədov 21 aprel 1992-ci ildə Xaçmaz rayonunda anadan olub. Orta təhsilini doğulduğu rayonda başa vurduqan sonra Azərbaycan müəllimlər institutun Quba filalına qəbul olub. Ali məktəbi Tarix-coğrafiya ixtisası üzrə bitirdikdən sonra ilk təyinatla Xaçmaz rayon E.Çobanov adına Ğödəkli kənd tam orta məktəbində işləyib. Dövlətçilik kənd orta məktəbinə göndərilib və burada 8 il tarix müəllimi işləyib. 2022-ci ildə direktorların işə qəbulu üzrə keçirilən müsabiqədə uğurla nəticə əldə edib və rayonun Xaspoladoba kənd məktəbində direktor vəzifəsində çalışıb. Tural müəllim 2025-ci ildə Peşə Təhsili Dövlət Agentliyinin elan etdyi direktorların işə qəbulu üzrə test və müsabiqə mərhələsindən uğurla keçib və həmin ilin noyabr ayında Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib. Böyük bir tarixə malik olan Xaçmaz Dövlət Peşə Mərkəzi ötən əsrin 70-ci illərindən fəaliyyətə başlayıb. Həmçinin rayon mərkəzindən 15 km. aralıda yerləşən Nərəcan kəndində də bir Peşə məktəbi fəaliyyət göstərirdi. Son illərdə dövlətin müvafiq sərəncamına əsasən Nərəcan kənd Peşə Məktəbi ilə Xaçmaz şəhər Peşə Məktəbi birləşdirilib. Hazırda Xaçmaz Peşə məktəbində 587 şagird, Nərəcan Peşə məktəbində isə 460 nəfər şagird peşə təhsili alır. Nərəcan Peşə məktəbində kənd təsərrüfatı profilli ixtisaslar üstünlük təşkil edir. Xaçmaz Peşə məktəbində isə dülgər, dərzi, aşpaz, qənnadçı-şirniyyatçı, kompyuterçi, tikinti sənaye istehsalat ixtisasları və s. peşələr tədris olunur. İldən-ilə artan qəbul sayından da görünür ki, bu peşələrə maraq getdikcə artmaqdadır. Şagirdlər xüsusən aqronomluq, baytarlıq, dayə və digər  ixtisaslara daha çox həvəs göstərirlər. Şagirdlərin peşə seçiminə olan münasibətində Mərkəzdə çalışan usta və müəllimlərin dərin məsuliyyəti və bacarığı da rol oynayır. Onlar şagirdlərə seçdikləri peşəni böyük həvəslə tədris edir və məzunların gələcəkdə öz sahələri üzrə peşəkar mütəxəssis olmaları üçün əllərindən gələni əsirgəmirlər. Belə nümunəvi müəllimlərdən Mehparə və Aynurə xanımların, Səfixan, Minacəddin, Amil, İlkin və digər müəllimlərin adlarını çəkmək yerinə düşərdi.  Agentlik tərəfindən mərkəzin  lazımlı avadanlıqlarla təchiz olunması isə təhsilin keyfiyyətini bir az artırır. Mərktəzdə müəllim və şagirdlərə onlayn sistemi ilə xüsusi nəzarət olunması da təqdirəlayiq hallardan biridir. Tural müəllim daha bir məsələni də qeyd etdi ki, hazırda hər 2 peşə məktəbinin birlikdə 92 hektar yardımçı təsərrüfat torpağı vardır. Burada birillik və çoxillik bitkilər yetişdirilir. Son vaxtlarda tingçilik sahəsinə olan maraq daha da artıb. Bu isə kənd təsərrüfatının inkişafı ilə yanaşı, təbiətin qorunmasına, ətraf mühitin, təbii ehtiyatların mühafizəsi və bərpasına, ekoloji təhlükəsizliyin təmin olunmasına verilən ən gözəl töhfədir.

Gülağa CƏFƏROV,

Keçmiş SSRİ və Azərbaycan

 Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 26.05.2026 » Oxundu: 433
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!