Azərbaycan xalqı saysız tanınmış elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri yetirmiş, bu böyük söz-səs ustadlarının timsalında dünya mədəniyyəti xəzinəsinə dəyərli incilər bəxş etmişdir. XX əsrdə Azərbaycan xalqının, Şirvan elinin yetişdirdiyi ustad aşıq, sözdən söz yoğuran, quru sözü dürr dənəsinə çevirən Aşıq Şakir öz nəğmələri, aşıq dili ilə desək, lirik havacatları ilə yanaşı, oxuduğu şux və oynaq ritmli mahnılarla da xalqın hafizəsində, ədəbi yaddaşında yaşayır. “Kəndimiz”, “Maral”, “Telli sazım”, “Nə bağ bildi, nə də bağban”, “Şirvan şikəstəsi”, “Döymə Kərəm”, “Bakı”, “Bala nərgiz” havaları xalqımızın milli-mənəvi sərvəti kimi unudulmazlar xəzinəsinə daxil olmuşdur.  Muğam sənətinin mahir bilicisi və ifaçısı, mənsubu olduğu qədim sənətə yeni nəfəs gətirən Aşıq Şakirin məlahətli səsi, təkrarolunmaz ifası bu gün ehtiram, böyük məhəbbət və sevgiylə xatırlanır. Aşıq Şakirin nəvələri – dosent Qətibə Mahmudova və Qəmər Mahmudovanın redaktorluğu ilə XX əsrdə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri arasında orijinallığı və fərdi ifaçılıq keyfiyyətləri ilə fərqlənən görkəmli saz-söz ustadı Aşıq Şakirin 100 illik yubileyi münasibətilə “Yolun düşsə bu dünyaya bir də gəl” adlı kitabı işıq üzü görmüşdür. Xatirələrdən, elmi məqalələrdən ibarət olan kitabda Azərbaycanın görkəmli alimlərinin, tanınmış sənət adamlarının, mədəniyyət və ictimai xadimlərin qələmə aldığı bir-birindən dəyərli və maraqlı yazıları yer almışdır. Kitabda respublikamızın elm və sənət adamlarının sənətkar haqqında xatirələri, mərhum sənətkarın həyat və yaradıcılığından, ifaçılıq xüsusiyyətlərindən ətraflı bəhs olunan məqalələri öz əksini tapmışdır. Xatirələrdə təkcə ustad aşığın poeziyası, həyat və yaradıcılığı, ifası, aşıqlıq sənəti deyil, həm də şəxsiyyəti, mənəvi dəyərləri, insanlığı, ömür-gün yolunun bilinməyən tərəfləri də sözə, cümləyə çevrilir. Topluda dərc olunan məqalə və xatirə yazılarından ilki akademik Rəfael Hüseynovun müəllifi olduğu “Xalqa aşiq Aşıq Şakir”. Aşıq sənətinin bütün üstün məziyyətlərini varlığında qovuşduran Aşıq Şakir Hacıyevin bir üstünlüyünün də onun muğama dərindən bələdliyində görən akademik Rəfael Hüseynov öz xatirə-məqaləsində yazır ki, “Şirvanda yüzlərlə, saz-söz ustası yetişib. Şöhrətliləri də az olmayıb. Amma Aşıq Şakir elə bir zirvəyə çevrilib ki, onu Azərbaycanın dörd bucağında “görüblər”, etiraf ediblər və seviblər”. Professor Məhərrəm Qasımlının müəllifi olduğu “Aşiq Şakir Zirvəsi” məqaləsində Şirvan ifaçılıq məktəbinin əsas xüsusiyyəti kimi bu məktəbin aşıq ifaçılığı ilə xanəndəlik ifaçılığı arasında bir özünəməxsus sintezin olduğunu göstərir və “bir ayağı xanəndəlik, bir ayağı da aşıq ifaçılığında olan bir ifaçılıq məktəbidir”. Və professor fikrin davamı olaarq qeyd edir ki, “tanıdığım onlarla sənətkarlar arasında şübhəsiz ki, Şirvan ifaçılığının mən deyərdim ki, sultanı, şahənşahı aşıq Şakir əsas yer tutur. Şakirin çox şirin səsi, özünəməxsus koloriti vardı və ən nəhayət, səsində çox zəngin melopoetik şaqraq zəngulələr mövcud idi. Sanki  bu adamın boğazı bir gülüstan idi”. Və əlavə olaraq Şakirin sazla davranışın, ifaçılıq məharətinin, məclisə ənənəvi xitabının bir sistem halında ərz etdiyini qeyd edir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əhliman Rəhimov “Sazın – sözün Şakir möcüzəsi” adlı məqaləsində “Yaradan ondan heç nəyi əsirgəməmişdi: şumal boy – buxun, gözəl qamət, şux yeriş, iri qara gözlər, pələng biləklər, ədəb - ərkan.... Sazı sinəsinə sıxıb “Koroğlu”dan oxuyanda Koroğlunu, “Əsli və Kərəm” dən oxuyanda Kərəmi xatırladır. Şakir böyük istedad sahibi idi: onda dinləyicini, tamaşaçını ovsunlamaq qabiliyyəti var idi” yazaraq aşığın xarici görkəmi ilə və zahiri görkəminin mənəvi bağlantısına diqqət çəkir. Kitabda filologiya elmləri doktoru , professor Seyfəddin Qəniyevin  “Sənətin Şakir möcüzəsi”, professor Vaqif Yusifli “Yerin görünür Aşıq Şakir”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Muradxanlının “Şakir Hacıyevin şeirlərinin dil xüsusiyyətinə bir nəzər”, yazıçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Tofiq Abdullayevin “Ürəklərdə yeri var Aşıq Şakirin” adlı məqalələrdə  Aşıq Şakir dastanların məharətli ifaçısı,Filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva Aşıq Şakirin yaradıcılığını araşdıraraq edərək onun şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında şeirlər yazdığını, həm də ecazkar səsi ilə özünəməxsus tərzdə nağıllar, dastanlar ifa etdiyini və “Aşıq Mirzə Bilalın layiqli davamçısı olan Aşıq Şakirin” də saysız-hesabsız yetirmələri olduğunu qeyd edir. Onun zəngin ədəbi irsini təhlil edən alim yazır: “Aşıq Şakir şeirlərində alliterasiyadan məharətlə istifadə etmişdir. Demək olar ki, əksər şeirlərində oxşar səslərin bir-birini tamamladığını, ahəngdarlıq, axıcılıq yaratdığını, səslərin bulaq kimi şırıldadığını görürük” Türklərin “Ozan-Aşıq ənənələrinin təmsilçiləri olan aşıqları yaşadıqları, saz-söz sahibi olduqları bölgənin, mühitin, dövrün dilini, mədəni-mənəvi dünyasını, adət-ənənəsini gələcək nəsillərə ötürənlər” adlandıran dosent  Qətibə Vaqifqızı Aşıq Şakiri ümumtürk aşıqlıq sənəti kontekstində dəyərləndirərək “Şirvan Aşıq mühitinin ifaçılıq və yaradıcılıq baxımından formalaşmasında xidmətləri olan, saz havaları ilə muğamlarımızı yüksək peşəkarlıqla sintez edərək, onları məharətlə ifa edən, ritm, hava, söz və rəqs harmoniyasını sənətində bütünləşdirərək vücuda gətirən ozan” olaraq təqdim etmişdir. Filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı aşıq sənətinin bilicisi adlandırdığı Aşıq Şakiri ifaçılıq qüdrətinə görə bir məktəbə çevrildiyini, Şirvan aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərdiyini, saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzinə sahib olduğunu qələmə alır. Məqalədə “Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü yaşayırdı” deyən Y.Bahadurqızı "Kəndimiz”, "Maral”, "Telli sazım”, "Nə bağ bildi , nə də bağban”, "Şirvan şikəstəsi”, "Döymə Kərəm”, "Bakı”, "Bala nərgiz” kimi sənət incilərinin müəllifi olan Aşıq Şakiri sazsevərlərin ömür boyu unutmayacaqlarını” yazır. Aşıq Şakirin nəvəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudova Şakir Hacıyevin ömür yolu, yaradıcılıq kredosu haqqında aparılan araşdlrmaları, elmi, ədəbi-publisistik xarakterli tədqiqatları təhlil edərək ümumiləşdirərək “Türkiyədə tanınmayan Azərbaycan aşığı Şakir Hacıyev haqqında araşdırma” adlı məqaləsində aşığın sənət dünyasını, söz xəzinəsini, ömür yolu və yaradıcılığını geniş şəkildə təqdim etmişdir. Qeyd etmək lazımdır ki, kitaba Aşıq Şakirin mərhum oğlu Ağaməhəmməd Hacıyevin xatirələri də daxil edilmişdir. Onun “Atalı günlərin əziz, unudulmaz  xatirələri”, “Bir ata kimi əvəzsiz idi” adlı xatirə yazılarında bir övladın ata haqqında ən gözəl, ən səmimi duyğuları əks olunmuşdur.  Bundan başqa Aşıq Şakirlə bağlı xatirələrini qələmə alan  dosent Elçin İsmayılovun “O, ürəklərdə yaşayır” və mərhum Aşıq Əhmədin “Əcəl səni məndən ayırdı” başlıqlı  xatirələri də kitabda  yer almışdır. Azərbaycan aşıq sənətində özünəməxsusluğu ilə seçilən Aşıq Şakir Hacıyevin həyat və sənət yolu dövründə və özündən sonra da sənətşünasların, folklorşünasların, filoloqların və aşıq sənətini sevən, bu sənətə vurğun olan hər kəsin diqqət mərkəzində olmuş və olacaqdır. Şirvan aşıq mühitindən, Azərbaycan aşıq sənətindən bəhs edilən bütün əsərlərdə, yazılan və hələ yazılacaq olan elmi-ədəbi araşdırmalarda Aşıq Şakirin ifa tərzi, yaradıcılığı təhlil ediləcək, xatirələrdə, ədəbi-bədii sənət nümunələrində adı çəkiləcəkdir. 

Qətibə Vaqifqızı
filologiya üzrə fəlsəfə doktoru, dosent

Daxil olundu: 27.02.2023 » Oxundu: 1349
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!