Dəyərli oxucular, Azərbaycanın ali təhsil sistemində yeni və bir o qədər də absurd bir "demokratiya" – onlayn sorğularla rektor taleyi həll etmək dalğası başlayıb desək, heç də yanılmarıq. Deyəsən, Azərbaycanın ali təhsil sistemində artıq elmi nailiyyətlər, idarəçilik qabiliyyəti və ya innovativ islahatlar deyil, sosial şəbəkələrdəki süni şəkildə şişirdilmiş "like"lar əsas meyar hesab olunur. Çünki Lənkəran Dövlət Universitetindən (LDU) gələn son xəbərlər yuxarıda qeyd etdiyimiz mənzərənin daha çox "Mozalan" süjetlərini xatırladan dramatik bir komediyaya çevrildiyini göstərir. Belə ki, LDU-nun 71 yaşlı rektoru Natiq İbrahimovun səlahiyyət müddətinin bitməsi universitet rəhbərliyində ciddi bir təşviş yaradıb. İddialara görə, rektorun vəzifədə qalması üçün irəli sürülən şərt olduqca modern və bir o qədər də ironikdir: "Tələbələr səni onlayn sorğuda dəstəkləyərlərsə, yenidən bir neçə il rekor vəzifəsində qalarsan". Bu yeni təyinat metodu isə təhsil tariximizdə necə deyərlər əsl "tapıntıdır". Təqaüd yaşında olan 71 yaşlı bir təqaüdçünün gələcəyini 18-20 yaşlı tələbələrin bir "klik"inə bağlamaq nə dərəcədə məntiqəuyğundur? Amma məsələnin əsl "yaradıcı" tərəfi bu sorğunun "könüllü" məcburiyyətə əsaslanan dekanların auditoriya turu keçirilmə üsulundadır. Bu "virtual seçki" əməliyyatında xüsusi fəallığı ilə seçilən isə "dekan xanım"dır. Məlumatlara görə, o, auditoriyaları bir-bir gəzərək tələbələrə təhsillərində daha vacib olan məsələlərdən danışmaqdansa, "onlayn aəsvermə"nin vacibliyindən "dərs" keçir. Vaxtilə adı saxta diplom qalmaqallarında hallanan bir şəxsin indi "şəffaflıq" rəmzi olan onlayn sorğu üçün bu dərəcədə canfəşanlıq etməsi Azərbaycan ali təhsil taleyinin ən böyük acı ironiyasıdır. Bu məsələdə isə biçarə tələbələr akademik borclar və inzibati təzyiq qorxusu altında öz iradələrindən asılı olmayaraq telefonlarına sarılıb "sevimli rektorlarını" dəstəkləməyə məcburdur. Budurmu bizim akademik azadlığımız? Tələbənin rəyi azad iradə ilə deyil, dekanın barmaq silkələməsi ilə formalaşırsa, o sorğunun nəticəsi universitetin deyil, ancaq bir qrup şəxsin kreslo maraqlarının bariz göstəricisi ola bilər.
Azedu.az kimi platformalarda keçirilən sorğularda süni şəkildə yığılan səslər, əslində həmin rəhbərin real nüfuzunu deyil, inzibati resurslardan nə qədər "məharətlə" istifadə edildiyini göstərir. 71 yaşlı bir təqaüdçünün öz kreslosunu qorumaq üçün gənc tələbələrin "onlayn rəyi" arxasında gizlənməsi nə dərəcədə etikdir?
Ümidvarıq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universitetində "virtual sevgi" selinin arxasındakı mexanizmlərdən xəbərdar olacaq. Çünki məcburi səsvermə ilə yığılan faizlər hörmət və etimada deyil, yalnız saxta yolla rəqəmləri artırmağa xidmət edir. Onu da unutmaq lazım deyil ki, universitet saytdakı sorğuda saxta yolla səs yığmaqla yox, orada oxuyan tələbələrə verdiyi yüksək ali təhsil ilə ətrafa səs salmalı və şəffaf idarə olunmalıdır.
kriteri.az
