Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün fəaliyyəti boyunca “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” konsepsiyasını rəhbər tutmuş, ana dilimizin – Azərbaycan dilinin inkişafı üçün mütəmadi olaraq fərman və sərəncamlar vermiş, Azərbaycan dilinin dövlət dili kimi statusunun möhkəmlənməsi üçün qətiyyətli addımlar atmışdır.
Ulu Öndərin Azərbaycan dili ilə bağlı gördüyü işlər hər zaman tədqiqatçıların diqqət mərkəzində olmuş, nüfuzlu dilçi alimlər onun bu sahədəki fəaliyyətini mütəmadi olaraq araşdırmış, layiqli qiymətini vermişlər. Belə ki A.Axundov “Heydər Əliyevin dil doktrinası, dil və dövlət problemi”, “Dilimizə dövlət qayğısı”, “H.Əliyevin Azərbaycan dilinə qayğısı qəhrəmanlığa bərabər xidmət idi”, T.Hacıyev “Dövlət dilinə dövlət qayğısı”, H.Mirzəyev “Heydər Əliyev Azərbaycan Respublikasının memarı, xilaskarı və qurucusudur”, N.Cəfərov “Azərbaycan dövlətinin dili, yaxud Azərbaycan Respublikasının dil siyasəti”, V.Əliyev “Heydər Əliyevin dil siyasəti”, M.Hüseynova “Missiya”, N.Xudiyev “Heydər Əliyev və Azərbaycan dili”, M.Yusifov “Dövlətçilik və dil” və b. tədqiqatlar dahi rəhbərin ana dilimizə göstərdiyi diqqət və qayğının təhlilinə həsr olunmuşdur.
Heydər Əliyevin Azərbaycan dili ilə bağlı gördüyü işlər o qədər geniş və çoxşaxəlidir ki, bu mövzuda yeni tədqiqatlara hər zaman ehtiyac vardır. Bu günlərdə çapdan çıxaraq geniş elmi ictimaiyyətə təqdim olunan “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” monoqrafiyası bu silsilənin ən samballı nümunələrindən biridir desək, yanılmarıq. Professor Mahirə Hüseynova və Sayalı Sadıqovanın müəllifi olduqları bu dəyərli tədqiqat Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur. Monoqrafiyada Heydər Əliyevin apardığı dil siyasəti, bu dil siyasəti nəticəsində dilin dövlətçiliyin əsas atributlarından biri hesab edilməsi, dilin funksionallaşmasını şərtləndirən cəhətlərin təyin edilməsi, dilin qorunmasının və inkişafının əsas amillərinin müəyyənləşdirilmə¬si və digər məsələlər araşdırılmışdır. Müəlliflər Heydər Əliyevin Azərbaycan dilinin inkişaf etdirilməsi ilə bağlı fəaliyyətini iki mərhələyə bölmüşlər: “1.60-80-ci illərdə Azərbaycan dilinin inkişafı; 2.Müstəqillik illərində Azərbaycan dilinin inkişafı”. Bu mərhələlərə uyğun olaraq dahi rəhbərin dövlət dili ilə bağlı fəaliyyətinin sistemli, fundamental təhlili aparılmışdır.
Monoqrafiya ön söz, üç fəsil və əlavə hissədən ibarətdir. “Azərbaycan dövlətçiliyində Heydər Əliyev və dil quruculuğu prosesi” məsələsinə həsr olunmuş I fəsildə “Dövlətçilik və dil quruculuğu siyasəti”, “Heydər Əliyev və dövlət dil konsepsiyası”, “Heydər Əliyev və dil quruculuğunun istiqamətləri” problemləri təhlil olunaraq öz həllini tapmışdır. Müəlliflərin doğru olaraq təsbit etdikləri kimi, dilin dövlət dili olması üçün onun elmi-nəzəri əsasları müəyyənləşdirilməlidir – bunun üçün isə ilk növbədə milli köklərə əsaslanan dövlətçilik ənənəsi və bununla yanaşı zəngin leksik baza əsas şərtlərdən hesab edilir. Bu şərtlərin hər ikisi hər hansı bir dilin dövlət dili kimi işlənməsinə imkan verir. Dövlətin yeritdiyi dil siyasəti dövlət dilinin inkişafını tənzimləyir.
Monoqrafiyada xüsusi olaraq vurğulanır ki, Azərbaycan Respublikasının dil siyasətinin əsaslarını yaradan Heydər Əliyevin apardığı dil siyasəti Azərbaycanda milli dilin nüfuzunu yüksəldərək onun ən müxtəlif sahələrdə işlənməsini təmin etmiş, Azərbaycanda geniş işləklik funksiyası yerinə yetirən rus dilinin hegemonluğu aradan qaldırılmış, Dövlət dilinin ictimai-siyasi mövqeyi gücləndirilərək ədəbi dilin inkişafı təmin edilmiş, Azərbaycan dilinin dövlət dili kimi inkişafı nəzəri-ideoloji baxımdan işlənib hazırlanmış siyasətin nəticəsi olmuşdur.
“Heydər Əliyevin dil siyasətində tarixilik prinsipi”nə həsr olunmuş II fəsildə “XX əsrin əvvəllərində dövlətçilik və dil siyasəti”, “XX əsrin 20-60-cı illərində Azərbaycan Respublikasında dil siyasəti”, “XX əsrin 60-80-ci illərində milli dövlətçilikdə dil siyasəti”, “Azərbaycan dilinin inkişafında Heydər Əliyev mərhələsi” mövzuları araşdırılmış, Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayan dil quruculuğu prosesinin Azərbaycan Sovet Sosialist Respublikası dövründə də davam etdirilməsi, bu dövrlərdə M.Ə.Rəsulzadənin, F.X.Xoyskinin, N.Nərimanovun, D.Bünyadzadənin, M.İbrahimovun, XX əsrin 60-80-ci illərində H.Əliyevin fəaliyyətləri təhlil edilmiş, hər birinə tarixi qiymət verilmiş, Ulu Öndərin şəxsi təşəbbüsü, qətiyyəti və ciddi fəaliyyəti ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi ayrıca maddə ilə daxil edilməsi onun xalqımız və dövlətimiz qarşısında mühüm xidmətlərindən biri kimi dəyərləndirilmişdir. Müəlliflər qeyd edirlər ki: “Dilimizin böyük qayğıkeşi, xalqımızın böyük övladı Heydər Əliyevin ana dilinə məhəbbəti o qədər güclü idi ki, respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan dilinin dövlət dili kimi inkişafı ilə bağlı dil siyasəti milli ictimai şüurun formalaşmasına təkan vermişdir. Ana dilinin qorunması, inkişafı, zənginləşməsi sahəsində o, istər imperiyanın hökm sürdüyü dövrdə, istərsə də müstəqillik illərində dövlətçilik tələblərinə uyğun olaraq maksimum səviyyədə həyata keçirmişdir.”
“XX əsrin 90-cı illərində Azərbaycanda dil quruculuğu prosesi” adlı III fəsildə “XX əsrin 90-cı illərində Azərbaycan Respublikasında dil siyasəti”, “Müstəqillik illərində Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu”, “XX əsrin 20-90-cı illərində əlifba problemi”, “Müstəqillik illərində latın qrafikalı əlifbanın qəbul edilməsi”, “Heydər Əliyev və Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi”, “Müstəqillik illərində Azərbaycan əlifbasının tətbiqi”, “Heydər Əliyev və dövlət dili haqqında qanun”, “Müstəqillik illərində Dövlət dilinin inkişaf konsepsiyası”, “İlham Əliyev və dil siyasəti konsepsiyasının inkişaf etdirilməsi” məsələləri tədqiq olunmuş, konkret nəticələr əldə olunmuşdur.
XX əsrin 90-cı illərində Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr, ölkəmizin müstəqillik əldə etməsi, müstəqil respublikamızın Dövlət atributlarının müəyyənləşdirilməsi və s. proseslər həmin dövrü xarakterizə edən amillərdəndir. Qeyd edilməlidir ki, respublikamız müstəqillik əldə etdikdən sonra hakimiyyətə gələnlərin təcrübəsizliyi dövlətçilikdə dil siyasətinin düzgün qurulmamasına səbəb oldu, nəticədə Azərbaycan Respublikasının dövlət dili yanlış olaraq türk dili adlandırıldı. Əlbəttə ki türk dili adlandırılan dil anlayışı ilə əslində Azərbaycan dili nəzərdə tutulurdu, lakin yanlış adlandırılma bir sıra dolaşıqlıqların meydana çıxmasına səbəb olurdu. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin adlandırılması ilə bağlı ulu öndərin rəhbərliyi ilə müzakirələr keçirildi, ziyalıların rəyi diqqətə alındı və nəhayət, ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının Dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.
Müəlliflərin çox dəqiq təsbit etdiyi kimi, dövlət dili ilə bağlı maddənin türk dili termini ilə deyil, Azərbaycan dili termini ilə adlandırılması Heydər Əliyevin apardığı dil siyasətinin konsepsiyasını müəyyən edirdi; bununla da milli müstəqil dövlətin milli dili olan Azərbaycan dili dövlətçiliyin başlıca rəmzlərindən biri kimi Azərbaycan xalqının dilini ifadə edirdi. Azərbaycan dövlətinin dil quruculuğu prosesində və onun inkişafı istiqamətində mühüm məsələlər öz həllini tapdı.
Ümummilli Liderin çıxışlarında dil siyasəti, dil quruculuğu, dil mədəniyyəti, yazı və əlifba məsələlərinin dərin məntiqi mühakimələrlə əsaslandırıldığı, ana dilinin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi ilə bağlı yeni – “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanın verilməsi respublikamızda ana dilinə – dövlət dilinə böyük əhəmiyyət verildiyinin sübutudur. Heydər Əliyevin imzaladığı bu fərman dilimizin inkişafının keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirilir, fərmanın Azərbaycan dilinin inkişaf xəttini verən hüquqi-normativ bir akt olması, Azərbaycan dilinin tarixi, onun inkişaf etdirilməsi və təkmilləşdirilməsinin fərmanda tam açıqlanması monoqrafiyada qeyd olunmuşdur.
“Müstəqillik illərində Dövlət dilinin inkişaf konsepsiyası” yarımfəslində Ulu Öndərin dövlətçilikdə xüsusi diqqət yetirdiyi məsələlərdən birinin məhz milli dil məsələsi olması və bu məsələnin ciddiliyini nəzərə alaraq mütəxəssislərin iştirakı ilə geniş müzakirələr aparması, dövlət dilinin inkişaf istiqamətlərini müəyyənləşdirməsi araşdırılmışdır: “Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə məhz azərbaycançılığın mənəvi əsası kimi yüksək qiymət verərək qeyd edirdi ki, Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır.”
Ümummilli Lider tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiq olunmasının əhəmiyyəti monoqrafiyada öz əksini aşağıdakı kimi tapmışdır: “Bu qanunda Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilmiş, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülmüşdür. Belə bir Qanunun ana istiqaməti budur ki, bu qanunvericilik aktı ilə Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır və Azərbaycan dili Konstitusiyaya uyğun olaraq bu qanunla öz hüquqi statusunu nizamlayır. Şübhəsiz, dil haqqında qanunun özündə bu, həm də dərin siyasi-ideoloji, mənəvi-psixoloji çalarları ehtiva edir, xalqda tarixən formalaşmış dövlətçilik atributlarına dərin hörmət hissinin aşılanmasına, milli özünüdərkin gücləndirilməsinə, habelə birliyə və həmrəyliyə xidmət edir. Bu qanunun qəbulu ilə zaman-zaman xalqımızın taleyində baş vermiş tarixi ədalətsizlik aradan qaldırıldı, respublikamızda latın qrafikalı əlifbaya keçid reallaşdı, habelə Azərbaycanın dövlət dili haqqında qanunu dünya xalqlarının ümumi qanun sisteminə qoşuldu.”
Monoqrafiyanın “Əlavə” hissəsində “Azərbaycan Respublikasının Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı, “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı verilmişdir.
Ümumiyyətlə, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” monoqrafiyası ölkəmizdə aparılan dil siyasətinin nəticələrinin obyektiv şəkildə qiymətləndirilməsi, aparılan dil siyasətinin Azərbaycan Respublikasının Dövlət dilinin – Azərbaycan dilinin sürətli inkişafına, onun saflaşmasına, dünya dilləri sırasında özünəməxsus xüsusiyyətləri ilə seçilməsinə, dünya dilləri sırasında mühüm yer tutmasına səbəb olmasının dəyərləndirilməsi baxımından çox əhəmiyyətli bir tədqiqat əsəridir.

Sevinc Sadıqova
ADPU-nun dosenti, f.ü.f.d.

Daxil olundu: 11.07.2023 » Oxundu: 974
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!