Dil cəmiyyətləri millət edən, onları duyğuda, düşüncədə birləşdirən ən mühüm amildir. Bu amil insanların hiss və düşüncələrini ətrafına çatdırma vasitəsi olmaqla yanaşı, həm də toplumları kütlə olmaqdan xilas edən, onları fikir və düşüncədə birləşdirərək cəmiyyətə çevirən ən mühüm mədəni dəyərdir. Bununla yanaşı dil həm də mədəniyyətin də əsası və daşıyıcısıdır... Dili məhv etsən, milli ruh, milli mədəniyyət, milli düşüncə də olmaz. Buna görə də dili qorumaq və qoruyucu tədbirlər görmək vacibdir.
Azərbaycan dilinin dövlət dili kimi qorunub bugünkü səviyyəsinə gəlib çatmasında Ümummilli lider Heydər Əliyevin uzaqgörən dil siyasətinin mühüm rolu olmuşdur. Heydər Əliyev öz çıxışlarının birində qeyd edir: “Hər bir dilə mən hörmət və ehtiramımı bildirirəm. Amma öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz mən hesab edirəm ki, fəxr edə bilərik. Çünki bu zəngin dildir. Dünyada artıq tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb”. Azərbaycanın tarixində və onun taleyində dərin iz buraxan dahi şəxsiyyət, şərəfli ömrünün hər anında öz milləti və dövləti üçün çalışan lider Azərbaycan dilinin hərtərəfli inkişafında, onun dünyada dövlət dili kimi tanınmasında, beynəlxalq kürsülərdən eşidilməsində böyük rol oynamışdır. Ulu öndər Heydər Əliyevin qərarları və onun təşəbbüsü ilə Azərbaycan dili dövlət səviyyəsində təkrar qəbul olundu və onun inkişafı istiqamətində mühüm işlər görüldü. Heydər Əliyevin Azərbaycan dili sahəsində xidmətlərini iki mərhələyə ayırmaq olar. Sovet dövründə Azərbaycan dili ilə bağlı fəaliyyəti birinci mərhələ, Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan dili ilə bağlı aparılan islahatları ikinci mərhələyə aid etmək olar.
Birinci mərhələdə, yəni Heydər Əliyev 1969-cu ildə Azərbaycan SSR-də hakimiyyətə gəldikdən sonra dil məsələlərinə xüsusi diqqət ayırmışdır. O, Azərbaycan ədəbi dili ilə yanaşı xalq danışıq dilini, onun etnolinqvistikasını, linqvokulturalogiyasını dərindən bilir, lazımi yerlərdə düzgün istifadə edirdi. Heydər Əliyevin Azərbaycan dilinə münasibəti Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illiyinə həsr olunmuş yubiley iclasında ilk dəfə Azərbaycan dilində açılış nitqi söyləməsi ilə başladı. Bu hadisə o zaman böyük rezonans yaratdı. Çünki həmin iclasda bütün respublikalardan, sosialist ölkələrdən, həmçinin xarici ölkələrdən iştirakçılar var idi. Heydər Əliyev bu hadisəni Azərbaycan müstəqillik əldə etdikdən sonra belə yada salır: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər, minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da bunu böyük hadisə kimi qəbul etdilər...”
Bu addımlar əslində 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasında müzakirə ediləcək dövlət dili haqqında maddəyə hazırlıq mərhələsi idi. Məlum olduğu kimi SSRİ-nin Konstitusiyasında bu vaxta kimi dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmırdı. Lakin buna baxmayaraq Heydər Əliyev Azərbaycan dilinin dövlət dili olması haqqında maddənin konstitusiyaya salınması fikrini irəli sürdü. 1978-ci ildə Heydər Əliyevin təklifi ilə Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının 73-cü maddənin aşağıdakı şəkildə verilməsi təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
Bu hadisədən sonra Heydər Əliyevin təşəbbüsü ilə ali məktəblər üçün dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə, “Azərbaycan dilinin dialektologiyasının əsasları” dərs vəsaitinə respublika Dövlət mükafatları verildi, təhsil müəssisələrində ana dilinin tədrisinə ayrılan saatların miqdarı çoxaldıldı, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı. Burda məqsəd Azərbaycan dilinin inkişafına, onun geniş şəkildə tədqiq edilməsinə nail olmaq idi.
Heydər Əliyevin Azərbaycan dili ilə bağlı fəaliyyətinin ikinci mərhələsi Sovet İttifaqının dağılması ilə ölkəmizin müstəqilliyinə qovuşmasından sonrakı dövrü əhatə edir. Bu zaman hakimiyyətə gələn Xalq Cəbhəsi “Azərbaycan dili” anlayışından imtina edərək əvəzində “Türk dili” terminini işlətdi. Orta məktəb dərslikləri “Türk dili” adı ilə nəşr edilməyə başladı. Heydər Əliyev hakimiyyətə gələn kimi işin, vəziyyətin çətin və gərgin olmasına baxmayaraq, bu məsələni alimlərin, yazıçıların, ziyalıların, dövlət xadimlərinin − geniş mənada xalqın müzakirəsinə verdi. 1995-ci il oktyabr ayının 31-də Azərbaycan Respublikası Elmlər Akademiyasında “Azərbaycan dilinin müzakirəsinə həsr olunmuş müşavirə”də 4 fikir səsləndirildi:
1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.
2.Azərbaycan Respublikasının dövlət dili Azərbaycan türk dilidir (Azərbaycan türkcəsidir).
3. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir (Azərbaycan türkcəsidir).
4. Azərbaycan Respublikasının dövlət dili türk dilidir.
Bu müzakirələrin, demək olar ki, hamısında iştirak edən Heydər Əliyev sonda öz fikrini bu şəkildə bildirdi:
“1. Ana dilinin adı müasir ictimai təfəkkür üçün tamamilə aydın olmalı, arxaik səciyyə daşımamalıdır.
2. Ölkənin, xalqın və dilin adında məntiqi bağlılıq olmalı, biri digərini təsdiq etməlidir.
3. Milli müstəqillik, milli mənlik qüruru zədələnməməlidir”.
Heydər Əliyev yazıçılarla, mədəniyyət işçiləri ilə, gənclərlə görüşlərində həmişə Azərbaycan dilini, onun saflığı və qorunmasını diqqət mərkəzində saxlamış və dilçi alimlərə özünün nəzəri göstərişlərini vermişdir. Görkəmli dövlət xadimi bu sahədəki fəaliyyətini iki istiqamətdə qurmuşdur:
1. Azərbaycan dili ilə bağlı söylədiyi nəzəri mülahizə və göstərişlər;
2. Azərbaycan dilinin əməli olaraq tətbiqi ilə bağlı özünün nümunəvi nitqləri.
Heydər Əliyev Azərbaycan dilinin üslublarından, zənginliyindən, frazeoloji söz birləşmələrindən həmişə məqamında istifadə etmiş, onlara bəzən yaradıcılıqla yanaşmış, öz nitqini auditoriyaya və seçdiyi mövzuya görə qurmuş, dil faktlarından, vurğu və intonasiyadan məharətlə istifadə etmişdir.
Azərbaycan dilinə həmişə xüsusi diqqətlə yanaşan Ulu Öndər müstəqillik dövründə Azərbaycan dilində reallaşan inkişaf və yenilikləri nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, müasir dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.

Ruslan Məmməd oğlu Abdullayev
ADNSU-nun Humanitar fənlər kafedrasının dosenti,
filologiya üzrə fəlsəfə doktoru

Daxil olundu: 31.03.2023 » Oxundu: 1427
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!