Gözəl təbiəti, füsunkar mənzərəsi, saf havası, zəngin flora və faunası, başı qarlı dağları, dərin dərələri, çiçəkli-çəmənli düzləri, şəfalı bulaqları, mineral suları, qiymətli yeraltı sərvətləri ilə dillərdə dastan olan Kəlbəcərin bütün bu xüsusiyyətləri əslində başına bəla olub. Hər zaman düşmənin diqqətini cəlb edən bu gözəl məkan təəssüflər olsun ki, illərlə düşmən tapdağı altında inləyərək istismara məruz qalıb. Amma şükürlər olsun ki, müzəffər Ali Baş Komandanın sərkərdəlik qabiliyyəti, qüdrətli Ordumuzun yenilməzliyi və xalqımızın dəmir yumruq kimi birləşməyi nəticəsində 30 ilə yaxın əsarətdə olan digər torpaqlarımız kimi doğma Kəlbəcərimiz də öz azadlığına qovuşdu. Böyük Zəfərin sevincini bu yerlərin insanları ilə bərabər dağ-daş, yurd-yuva, torpaq da yaşadı. İllərlə ona qucaq açmış digər rayon və şəhərlərdə məskunlaşmış idarə və təşkilatlar, səhiyyə və tədris ocaqları, orqan və müəssisələr də sanki canlı imiş kimi bu sevincə şərik oldular. Bu qələbə sevincini yaşayan təhsil müəssisələrindən biri də Kəlbəcər Uşaq İncəsənət Məktəbi oldu.

Kəlbəcər Uşaq İncəsənət məktəbi rayonun qocaman təhsil müəssisələrindən biridir. Uzun illərdir ki, rayon əhalisinin xidmətində olan məktəb məlum hadisələrlə əlaqədar olaraq 1993-cü ildən bəri fəaliyyətini Gəncə şəhərində davam etdirir. Məktəbin direktoru Ədalət Əliyevdir. Ədalət müəllim 1966-cı ildə Kəlbəcər şəhərində dünyaya göz açıb. Doğulduğu torpağın əsrarəngiz gözəlliyi ona bu torpağı, bu el-obanı sevməməyin qeyri-mümkün olduğunu təlqin edib. Bəlkə elə buna görə də Ədalət müəllim öz doğma yurd-yuvasında orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Pedaqoji Universitetinə qəbul olub və 1989-cu ildə universiteti Musiqi ixtisası üzrə bitirərək doğma Kəlbəcərə dönüb. O, Kəlbəcər Uşaq İncəsənt Məktəbində tar-saz müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Ömrünü istedadlı məktəblilərin musiqi təhsili almasına həsr edən Ədalət müəllim təəssüflər olsun ki, bir neçə ildən sonra məlum hadisələrə görə canıdan çox sevdiyi doğma diyarından ayrılmalı olub və Vətənin digər qaçqın və köçkün övladları üçün isti qucaq açan qədim və ulu Gəncədə məskunlaşmış Kəlbəcər Uşaq İncəsənət məktəbində müəllimlik fəaliyyətini davam etdirib. 19 il bu məktəbdə müəllimlik edən Ədalət müəllimin məsuliyyətli əməyi, bacarıq və istedadı aidiyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib və o, 2008-ci ildə Uşaq İncəsənət məktəbinə direktor təyin edilib. Artıq 16 ildir ki, məktəbə rəhbərlik edən Ədalət müəllim ilk vaxtlardan özünü bacarıqlı bir rəhbər kimi göstərməyi bacarıb.

Məktəb bütün lazımı avadanlıqlarla tam təmin edilib. Məktəbin yeni binası 2014-cü ildə istifadəyə verilib. Hazırda məktəbin 157 şagird və 31 müəllim kontingenti var. Burada tar, kamança, fortopiano, rəssamlıq, xanəndəlik, nağara olmaqla 7 ixtisas tədris olunur. Skripka ixtisası isə bu ildən tədris olunmağa başlayıb.

Məktəbin şagirdləri respublikamızda keçirilən müxtəlif müsabiqələrdə fəal iştirak edir və uğurlu nəticələr qazanırlar. Son illərdə isə məktəbin yetirmələri rəssamlıq, saz, tar, kamança ixtisasları üzrə keçirilən yarış və müsabiqələrdə müxtəlif nominasiyalar üzrə fəxri fərmana layiq görülüblər. Şagirdlərin bu uğurları əldə etmələrində onların ixtisas müəllimləri Sadiq Əhmədovun, Asif Quliyevin, Xəyalə Həsənovanın, Aynur xanımın, Elçin Kərimovun, Yusif Quliyevin və digərlərinin böyük əməyi vardır.

Gülağa

Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzü

 

Daxil olundu: 08.05.2024 » Oxundu: 164
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!