Şirvan aşıq məktəbinin ən gözəl nümayəndəsi Aşıq Şakir öz yaradıcılığı ilə Azərbaycan aşıq şeirini rövnəqləndirmiş, Azərbaycan şifahi xalq ədəbiyyatında silinməz izlər buraxmışdır. Aşıq Şakir Ağsu rayonunun Xəlilli kəndində dünyaya gəlsə də, Kürdəmir şəhərində yaşayıb-yaratsa da, bütün Azərbaycanın sevimlisinə çevrilmişdir. Yaradıcı aşıq şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında şeirlər yazmış, həm də ecazkar səsi ilə özünəməxsus tərzdə nağıllar, dastanlar ifa etmişdir.
2022-ci ildə Əməkdar mədəniyyət işçisi Aşıq Şakirin 100 illik yubileyi münasibətilə Ağsuda, Kürdəmirdə, Bakıda silsilə tədbirlər keçirilib, Azərbaycan Milli Kitabxanası tərəfindən “Aşıq Şakir – 100” adlı virtual sərgi təqdim edib. Yubiley çərçivəsində görülən işlər sırasında ustad sənətkarın yaradıcılığını daim yaşatmaq məqsədilə Aşıq Şakirin nəvələri: AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudova və 308 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Qəmər Əhmədova tərəfindən tərtib edilmiş “Yolun düşsə, bu dünyaya bir də gəl” kitabını (Bakı, Elm və təhsil, 2022, 226 səh., + şəkillər) xüsusi qeyd etmək lazımdır.
Kitabda Aşıq Şakir Hacıyevin yaradıcılığına həsr olunmuş akademik R.Hüseynov, professor M.Qasımlı, prof S.Qəniyev, fil.e.d. Vaqif Yusifli, Əməkdar mədəniyyət işçisi Ə.Rəhimov, yazıçı-publisist Tofiq Abdullayev, f.ü.f.d. dos. E.Əliyeva, f.ü.f.d. dos.Q.Quliyeva, f.ü.f.d. dos.E.Muradxanlı, f.ü.f.d. Yaqut Bahadurqızının elmi məqalələri dərc olunmuşdur.
Burada, həmçinin Aşıq Şakir haqqında xatirələr, bu məharətli söz ustasına həsr olunmuş şeirlər də yer almışdır. İlham Muradxanlının aşığa ithaf etdiyi şeirdə sənətkarın xalq arasındakı nüfuzu, aşıq yaradıcılığındakı ondan sonrakı boşluqdan bəhs edilir:
Çoxdur çalanımız, oxuyanımız,
Amma açılmayır nisgil halımız,
Şakirsiz qalıbdır sənət dünyamız,
Allahım, dünyaya gətir, Şakiri,
Sazıyla, sözüylə yetir Şakiri (səh.211).
Kitabda aşıq yaradıcılığından seçmələr və xatirələrə çevrilmiş fotolarla da tanış olmaq mümkündür.
Aşığın ən böyük arzusu dünyada yox ikən yaşamaq idi. Mən deyərdim ki, o, öz arzusuna çoxdan çatıb. Çünki illər keçsə də, Aşıq Şakir hələ də sevilir, onun sazından qopan, xoş nəfəsindən doğan nəğmələr xalqımıza ruh verir, məclislərimizi bəzəyir. “Yolun düşsə, bu dünyaya bir də gəl” kitabı da unudulmaz sənətkarın bədii irsinin öyrənilməsində və onun bu dünyada əbədiləşdiləşdirilməsində mühüm rol oynayacaq.

Elnarə Əliyeva
filologiya üzrə fəlsəfə doktoru, dosent

Daxil olundu: 29.01.2023 » Oxundu: 1208
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!